Qubada Milli Qəhrəman Çingiz Qurbanov anılıb

  26 Noyabr 2019    Oxunub : 884
Qubada Milli Qəhrəman Çingiz Qurbanov anılıb
Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Milli Qəhrəman Çingiz Qurbanovun anadan olmasının 25 illiyi münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin rəsmilərinin, qəhrəmanın ailə üzvlərinin, şairlərin, müəllim və tələbələrin iştirak etdiyi mərasim başlamazdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Filialın direktoru dosent Yusif Alıyev qonaqları salamlayaraq dəvəti qəbul etdiklərinə, Müdafiə Nazirliyinin rəhbərliyinə isə göstərdikləri dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun adından minnətdarlıqlarını bildirib.

Xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məvhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik” fikrini tədbir iştirakçılarına xatırladan dosent Y.Alıyev deyib: “Bizim ali tədris müəssisəsində də Vətəninə sadiq, Vətənini sevən, torpağına bağlı olan gələcəyin müəllimləri yetişir. Biz yüksək təhsil verməklə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə də xüsusi önəm veririk. Həqiqətən də öz tarixini bilməyən, milli-mənəvi dəyərlərimizə malik olmayan, tarixi sərkərdələrimizi, milli qəhrəmanlarımızı tanımayan vətəndaş heç vaxt vətənpərvər ola bilməz. Vətəninə, dövlətinə, xalqına sədaqətli vətəndaş yetişdirə bilməz. Cəmiyyətdə öz yerini tutmağa çətinlik çəkər, cəmiyyətə fayda da verməz. Məhz bugünkü tədbir də, şübhəsiz, tələbələrimizin, elə hər birimizin vətənpərvərlik ruhunun, Azərbaycan Ordusuna, işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə inamımızın daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək. Əgər torpaqlarımızın bir hissəsi düşmən işğalındadırsa, soydaşlarımız qaçqın, köçkün həyatı yaşamağa məcbur edilibsə, bir məqsəd, bir amal uğrunda birləşməli, Ali Baş Komandanın əmrlərinə hər an hazır olmalıyıq. Sözün həqiqi mənasında, yaşından, siyasi əqidəsindən, vəzifəsindən, rütbəsindən asılı olmayaraq hər bir vətəndaşımızdan barıt qoxusu gəlməlidir”.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatlar bütün xalqımız kimi təhsil işçilərini və tələbələri də hədsiz dərəcədə sevindirir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin May əməliyyatları zamanı qazanılmış zəfərlərin yenidən təkrarlanacağı heç kimdə şübhə doğurmamalıdır. Ordumuzun maddi-texniki bazası gündən-günə daha da möhkəmlənir, ən müasir silah-sursat, texnikalar alınır, hərbi qulluqçuların sosial-məişət problemləri yüksək səviyyədə həll olunur, şəhid ailələrinə, müharibə qazi və veteranlarına dövlət səviyyəsində göstərilən diqqət və qayğı daha da yüksəlir. Bütün bunlar imkan verir ki, regionun ən güclü ordusu olan Azərbaycan Ordusu istənilən döyüş tapşırığını uğurla yerinə yetirsin. Başlıcası isə odur ki, xalq öz ordusuna inanır, ona güvənir və ordumuzun arxasındadır. Ordumuzda Mübariz kimi, Fərid kimi, Çingiz kimi yüzlərlə, minlərlə qəhrəmanlarımız var və onlar Ali Baş Komandanın bircə əmrinə bənddirlər ki, müqəddəs savaşa atılıb qələbə bayrağımızı Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və işğal altında olan digər əzəli yurd yerlərimizə sancsınlar.

Milli Qəhrəman Çingiz Qurbanovun 22 illik ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub, foto və kitab sərgisi barədə məlumat verilib, tələbələrin hazırladıqları ədəbi kompozisiya təqdim edilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin hər bir vətənpərvərlik təşəbbüsünə hörmətlə yanaşdığını, onlara həmişə dəstək olduğunu bildirib. Təkcə başa çatmaqda olan 2019-cu ildə yerli icra hakimiyyəti orqanları, idarə və müəssisələr, ali və ümumtəhsil ocaqları, qeyri-hökumət təşkilatları ilə birlikdə yüzlərlə kütləvi vətənpərvərlik tədbirinin keçirildiyini qeyd edib. ADPU-nun Quba filialının kollektivinin ordumuza göstərdiyi mənəvi dəstəyə görə müəllim və tələbələrə minnətdarlığını bildirib.

A.Qurbaninin Milli Qəhrəman Çingiz Qurbanova həsr etdiyi şeirə yazılmış vətənpərvərlik mahnısı səsləndirilib. Müdafiə Nazirliyinin adından “Çingiz dastanı”, “Ordu gəncləri böyük qüvvədir”, “Lələtəpə fatehləri”, “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” kitabları və “Qarabağ Azərbaycandır!” plakatları filialın kitabxanasına hədiyyə edilib.

Şair Ramiz Qusarçaylının çıxışı və qəhrəmana ithaf etdiyi yeni şeir böyük maraqla qarşılanıb.

Baş müəllim Şıxəmməd Seyidməmmədov, Çingizin vaxtilə təhsil aldığı Qusar rayon Həzrə kənd tam orta məktəbinin direktoru Natiq Novruzov, polis veteranı, şair Qurban Məmmədov, Azərbaycan Ordusunun zabiti Abakar Hacıyev və başqaları çıxış edərək Çingiz Qurbanov haqqında xatirələrini danışıb, ona həsr etdikləri şeirlərini oxuyublar.

İyirmi üç il öncə düşmənin xeyli canlı qüvvəsini məhv edərək mühasirəyə düşən, lakin erməni quldurlarının əlinə keçməmək üçün özlərini qumbara ilə partladan qəhrəman döyüşçülərimizdən biri Vüqar Yarəhmədovun ölümündən 6 ay sonra dünyaya gələn və beş aydır ki, həqiqi hərbi xidmətdə olan oğlu Vüqar Yarəhmədovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. O deyib: “Mən artıq Çingiz yaşdayam. Mən də Çingiz kimi Azərbaycan Dövlət Texniki Universitetini bitirmişəm. O, təhsilin “Bakalavr” pilləsini başa vuran kimi əsgər gedib, mən də. O, Vətən qarşısında öz sözünü deyib, mən də əmr gözləyirəm. Salman əmi oğlu Çingizlə, mən isə atam Vüqarla fəxr edirəm. Salman əmini oğlu ilə, məni isə atamla tanıyırlar. Bu gün şəhid valideynlərinin, müəllim və tələbələrin qarşısında and içirəm ki, üzünü görmədiyim, adını daşıdığım atamın və tələbə yoldaşım Çingizin intiqamını gec-tez alacağıq. Qəhrəmanlıq qəhrəmanla ölmür. Mən və mənim əsgər yoldaşlarım onların qəhrəmanlıqlarını təkrarlamağa hər an hazırıq. Bir də onu demək istəyirəm ki, artıq qələbənin qoxusu gəlir, qələbə burnumuzun ucundadır”.

Qəhrəmanın ailə üzvləri adından çıxış edən Salman Qurbanov Azərbaycan Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də bugünkü tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib, üç ildir ki, oğlunu itirməsinə baxmayaraq dövlət səviyyəsində daimi diqqət və qayğı ilə əhatə olunduqlarını, bir oğul əvəzinə yüzlərlə, minlərlə oğul tapdıqlarını qürurla dilə gətirib.

Tədbir hərbi marşın sədaları altında sona yetib.

Azvision.az

Teqlər: MN   Quba