Nazir UNESCO-nun baş direktoru ilə görüşüb

  26 Noyabr 2019    Oxunub : 850
Nazir UNESCO-nun baş direktoru ilə görüşüb
UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev səfər çərçivəsində UNESCO-nun baş direktoru Odre Azuleylə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan-UNESCO əlaqələri, “Bakı Prosesi” çərçivəsində təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökümətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul şəhərinin tarixi və mədəni irsinin bərpasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Baş direktor Azərbaycana ilk səfəri zamanı Azərbaycanın Birinci Vitse-Prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Əbülfəs Qarayev, öz növbəsində cari ilin 19 noyabr tarixində UNESCO baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Nazir Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirib və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləyib.

Əbülfəs Qarayev, həmçinin cari ilin 27 noyabr tarixində UNESCO baş qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirib.

Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESCO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: