Erməni diplomatın təxribat törətmək cəhdi alınmadı

  26 Noyabr 2019    Oxunub : 1950
 Erməni diplomatın təxribat törətmək cəhdi alınmadı
Kiyevdə keçirilən “Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın növbəti təxribatının qarşısı alınıb.
Azərbaycanın Ukraynadakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, BMT Uşaq Fondunun, “Uşaqları xilas edin” təşkilatının Ukrayna nümayəndəliklərinin və BMT İnkişaf Proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova və səfirliyin əməkdaşı Samir Allahverdiyev də iştirak ediblər.

Tədbir çərçivəsində söz alan erməni diplomat T.Seyranyan Azərbaycanın Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə etiraz etsə də, tədbirin Ukraynadan olan moderatoru, 1+1 telekanalının aparıcısı Lidiya Taran çıxışa müdaxilə edərək səfirə mövzudan kənar və yersiz çıxış etdiyini xatırladıb.

Moderator bildirib ki, tədbirdə uşaqların münaqişələrdə hüquqlarının qorunmasına dair mövzu müzakirə olunur və erməni diplomatın mövzudan kənar məsələlərə toxunması yolverilməzdir.

Daha sonra söz alan T.Cahangirova deyib: “Ermənistanın Ukraynadakı səfiri mövzudan kənar məsələlərə toxunduğundan bildirməliyəm ki, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr mövcuddur. Ermənistan bu günə qədər bu qətnamələri icra etmir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə və uşaq erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb”.

Sonra moderator T.Cahangirovaya Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqlarının qorunmasına dair sualla müraciət edib.

Bundan sonra erməni diplomat yenə də çıxış etmək istəsə də, moderator ona söz verməyib. Səfir buna etiraz əlaməti olaraq tədbiri yarımçıq tərk edib. Ukrayna ombudsman Aparatı baş verən insidentə görə, Azərbaycan nümayəndə heyətindən üzrxahlıq edib.

Qeyd edək ki, tədbirin açılış mərasimində Ukrayna Ali Radasının sədri Dmitriy Razumkov, Ukraynanın ombudsmanı Lyudmila Denisova da çıxış edərək münaqişə zonalarında uşaqların hüquqlarına dair məruzə ediblər.

Beynəlxalq tədbirdə daha sonra Bosniya və Herseqovina, Serbiya, Moldova, Gürcüstan ombudsman Aparatının nümayəndələri də çıxış ediblər.

Azvision.az

Teqlər: Ukrayna   Kiyev   Təxribat