İlham Əliyev: “Ermənistanın baş naziri böyük səhv buraxdı”

    İlham Əliyev:    “Ermənistanın baş naziri böyük səhv buraxdı”
  27 Noyabr 2019    Oxunub:2935
"Azərbaycanın sözünü artıq dünya eşidir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

Prezident çıxışında bildirib: "Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”.

Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü. Ondan sonra MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”. Yəni casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi.

İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında".

Prezident xatırladıb ki, o, müsəlman ölkələrinə dəfələrlə müraciət edib: "Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar? Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir.

O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?! Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir.

Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti