“Uzunmüddətli Enerji Strategiyası” ilə bağlı müzakirələr

  27 Noyabr 2019    Oxunub : 1036
“Uzunmüddətli Enerji Strategiyası” ilə bağlı müzakirələr
Energetika Nazirliyində “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış Ekspertlər qrupunun ilk iclası keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, iclasda Avropa İttifaqının “Energetika sektorunun inkişafı məqsədilə Azərbaycan hökumətinə dəstək layihəsi”nin ilkin hesabatı təqdim edilib.

Ekspertlər qrupunun sədri, Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Sərəncamının 1.1-ci bəndində energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası layihəsinin hazırlanması öz əksini tapıb. Bununla əlaqədar Avropa İttifaqının maliyyə dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Məqsəd beynəlxalq enerji bazarlarının inkişaf meylləri nəzərə alınmaqla 2050-ci ilə qədər inkişaf üçün “Uzunmüddətli Enerji Strategiyası” layihəsinin hazırlanmasıdır.

İclasda məsləhətçi şirkətin nümayəndəsi Teodor Qumas (Teodor Goumas) tərəfindən dəstək layihəsinin hesabatı təqdim edilib. Hesabat üzrə 2020-2050-ci illəri əhatə edəcək “Uzunmüddətli Enerji Strategiyası” layihəsinin hazırlanmasının strukturu və tərkib hissələri barədə fikir mübadiləsi aparılıb, enerji sektorunda karbon tullantılarının azaldılması, enerji bazarlarının iqtisadi fəaliyyəti, təchizatın təhlükəsizliyi üzrə hədəflər diqqətə çatdırılıb. Enerji tələbatında və enerji təchizatında enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması və digər strateji istiqamətləri üzrə fəaliyyət və vəzifələr nəzərdən keçirilib, ekspertlər qrupunun rəy və təklifləri dinlənilib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Statistika Komitəsi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və digər qurumların nümayəndələri iştirak edib.

Azvision.az

Teqlər: Nazirlik   iclas   Müzakirə