Əli Əhmədov: “Deputatlar parlamentə müraciət edəcəklər”

  28 Noyabr 2019    Oxunub : 2956
 Əli Əhmədov: “Deputatlar parlamentə müraciət edəcəklər”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Azvision.az -ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur: “İnsanlar bu islahatlarıın nəticəsini görür. İslahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək. İslahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmmunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və bu, insanların məmnunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli şəkildə əhatəli xarakter alıb.

Azərbaycanda istər struktur sahəsində, istər kadr sahəsində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam edəcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsini məqsədə uyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər. Parlamentin islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.

Ə.Əhmədov qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirilib: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəliblər. Məktub yaxın günlərdə parlamentə göndəriləcək".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP