“Azərbaycanda fransız dilinə böyük maraq var” - Səfir

 “Azərbaycanda fransız dilinə böyük maraq var” -   Səfir
  28 Noyabr 2019    Oxunub:2368
Bu gün Bakıda beynəlxalq fransız dili müəllimləri günü münasibətilə Fransa səfirliyinin təşəbbüsü ilə tədbir keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə çıxış edən səfir Zaxari Qross deyib ki, hazırda 274 milyondan çox insan fransız dilində danışır.

"Dünyada Fransa hökumətinin proqramı çərçivəsində 209 fransızdilli məktəb fəaliyyət göstərir. Məqsəd fransız dilini yaxın gələcəkdə dünyada üçüncü ən çox danışılan dilə çevirməkdir".

Səfir, həmçinin bildirib ki, Bakı Fransa liseyi Azərbaycanda fransız dilinə böyük marağın olduğunu göstərir: "Biz Təhsil Nazirliyinin dəstəyi ilə 2020-ci ildə fransız dili üzrə ixtisaslaşmış siniflər görəcəyimizə ümid edirik".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə çıxışında vurğulayıb ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlətin əsas prioritetlərindəndir. Onun sözlərinə görə, Təhsil Nazirliyi təhsilin inkişaf etdirilməsində dünyanın qabaqcıl təcrübəsinə önəm verir. Bu baxımdan Fransa ilə ikitərəfli əməkdaşlıqda təhsil sahəsi xüsusi yer tutur:

"Ölkəmizdə fransız dili tədris olunan məktəblərin sayı 345-ə bərabərdir. 7 ali təhsil müəsissəsində fransız dili tədris olunur, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi fəaliyyət göstərir. 50-dən çox azərbaycanlı son 5 ildə Fransa hökumətinin təqaüdü ilə bu ölkədə təhsil alıb".

M.Vəliyeva iki ölkə arasında diplomların tanınması üzrə də əməkdaşlıq edildiyini qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Səfirlik  





Xəbər lenti