Azərbaycan-Rumıniya əlaqələri daha da möhkəmlənir

Azərbaycan-Rumıniya əlaqələri daha da möhkəmlənir
  29 Noyabr 2019    Oxunub:1725
Rumıniya Respublikasının Milli günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə çıxış edən Rumıniyanın Bakıdakı səfiri Dan İanku bildirib ki, 2019-cu il həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar il olub:

"Ölkələrimizin qarşılıqlı strateji tərəfdaşlığının 10 ili tamam olub və bu 10 il ərazində Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənib. Bu gün biz bütün sahələrdə - nəqliyyat, ticarət, enerji, təhsil, mədəniyyət sahələrində əməkdaşlığımızı genişləndirmək üçün birlikdə çalışırıq. Beynəlxalq səviyyədə bir-birimizin əsas diplomatik təşəbbüslərini və öncəliklərini dəstəkləyirik. Biz bir-birimizə hörmət bəsləyən tərəfdaşıq. Rumıniya ilə Azərbaycan arasında münasibətlərinin inkişafına ümidlə baxırıq. Bu günə qədər qazandıqlarımıza görə, Azərbaycanın rəsmi qurumlarına, şirkətlərinə, tərəfdaşlarımıza çox şey borcluyuq".

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə Azərbaycan höküməti adından Rumıniyanın Milli gününü təbrik edib. O, Azərbaycan və Rumıniya əlaqələrinin 27 illik tarixi olduğunu qeyd edib: "Azərbaycan öz müstəqilliyini elan etdiyi ilk günlərdə Rumıniya müstəqilliyimizi tanıyıb və bu əlaqələr daim artan xətt üzrə inkişaf edib. Bu əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradələrinin də xüsusi rolu var. 2009-cu ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, 2011-ci ildə birgə fəaliyyət proqramının imzalanması bizim tərəfdaşlığımızın bütün sahələr üzrə inkişafına təkan verdi. Bu gün Azərbaycanla Rumıniya arasında demək olar bütün sahələr üzrə sürətli əməkdaşlıq aparılır. İnvestisiya əməkdaşlığımız 120 milyon dollardan artıqdır, elmi-texniki əməkdaşlığımız inkişaf edir, ticarət əlaqələrimiz daha da genişlənir. Əlbəttə, bu əlaqələrin mütəşəkkil şəkildə irəliləməsində müştərək komissiyamızın böyük rolu var. Artıq komissiya 5 iclas keçirib və sonuncu iclas Rumıniyada olub. Növbəti iclasın gələn ilin əvvəlində Azərbaycanda baş tutacağını güman edirik. Müştərək komissiya Azərbaycan və Rumıniya münasibətlərinin inkişafında hərəkətverici qüvvədir. Eyni zamanda Rumıniya Azərbaycanın ən böyük haqq-ədalət davası olan Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə ölkəmizin haqq səsini dəstəkləyir və beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü çərçivəsində münaqişənin həll edilməsində öz fikrini deyir. Məhz ona görə Azərbaycan və Rumıniya əlaqələri bu gün strateji tərəfdaşlıq səviyyəsindədir, inanıram növbəti illərdə də strateji əməkdaşlığımız daha genişlənəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rumıniya   Sahil-Babayev   Səfir  





Xəbər lenti