“Azərbaycanda insanların hüquq və azadlıqları yüksək səviyyədə qorunur” - Ramiz Mehdiyev

  29 Noyabr 2019    Oxunub : 2178
 “Azərbaycanda insanların hüquq və azadlıqları yüksək səviyyədə qorunur” - Ramiz Mehdiyev
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçirilir.
Azvision.az xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və bunun 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 12-ci maddələrində öz əksini tapdığını vurğulayıb.

Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq internet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev ölkəmizdə insanların söz və internet azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini və bunların ölkəmizdə fərdi məlumatların qorunması məsələsini aktuallaşdırdığını söyləyib.

Ümumiyyətlə, Azərbaycanda insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına yönəlmiş, ən müasir tələblərə cavab verən möhkəm qanunvericilik bazasının yaradıldığını qeyd edən Ramiz Mehdiyev bu hüquq və azadlıqların dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırib. Akademik bildirib ki, fərdi məlumatların mühafizəsi məsələləri elmi problem kimi multidissiplinar xarakter daşıyır və buna görə də digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları üzrə tədqiqatçılar fərdi məlumatların mühafizəsi proseslərini dərindən araşdırmalı, geniş intellektual imkanlara malik metod və alqoritmlər işləməli, müvafiq proqram məhsulları hazırlamalıdırlar.

Akademik Ramiz Mehdiyev konfransa təqdim edilən məruzələrin fərdi məlumatların mühafizəsinin texnoloji, hüquqi, təşkilati, sosial-iqtisadi və kulturoloji aspektlərinə həsr olunduğunu bildirib və konfransda iştirak edən müvafiq dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakını yüksək qiymətləndirib.

Daha sonra konfrans işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktiki problemləri” bölmələri üzrə davam etdirib.

Azvision.az

Teqlər: AMEA   Ramiz-Mehdiyev   Akademik