Niyə növbədənkənar parlament seçkilərinə gedirik?

  30 Noyabr 2019    Oxunub : 1371
Niyə növbədənkənar parlament seçkilərinə gedirik?
Siyasi meydan daim zamanın çağırışlarına ekvivalent davranmalıdır. Siyasi komandaların ən böyük uğuru proqnozlaşdırma qabiliyyətinin aliliyi ilə birbaşa bağlıdır. Siyasi proqnozlaşdırma özündə aşağıdakı elementləri birləşdirir:
1. Düzgün qərar qəbul etmə mexanizmi. Hadisələri qabaqlamaq və gələcək siyasi gedişatı müəyyənləşdirmək bu komponentin özəyini təşkil edir.

2. Təhlil bacarığı. Olayların düzgün şərhini özündə cəmləyir.

3. Analitik qərar gücü. Siyasi institutların ən önəmli keyfiyyətlərini analitik qərar gücü özündə cəmləşdirir. Siyasət soyuq başlı emosiyaları deyil, rasional addımları sevir.

Proqnozlaşdırılma hadisələrin kompleks olaraq sistem daxilində və sistemlər arasında meydana gəlməsinin tərzini müəyyən etmək prosesidir. Hadisələrin proqnozlaşdırılması müəyyən məkanlarda təzahür olunan elementlərin xassələrinin müəyyən olunmasıdır. Bu müəyyənlik də zaman nisbətində dəyərləndirilir. Proqnozlaşdırılma hadisələrin, gerçəkdə özünü göstərən hadisələrin meydana gələcəyini əvvəlcədən müəyyənləşdirmədir.

Elşən Nəsibov yazır ki, proqnozlaşdırma hadisələr arasında və hadisələr xəttində əlaqələr vəhdətini zaman-zaman müəyyən etməkdən ibarət olan idrak prosesidir. Əlaqələr zəncirində elementlər arasında olan məsafə müəyyən dəyişən ölçülər ala bilir. Bu ölçülər, məsafə çox olanda qabarmalar və çökmələr yaşanır. Bu anda sistemdə qeyri-sabitlik mövcud olur. Hadisələrin rəvan axarı əsasən elementlər arasındakı məsafə bərabərliyindən və cüzi fərqlərdən ortaya çıxır.

Proznozlaşdırılma siyasi iqtidarların atdığı ən önəmli addımları ehtiva edir!

Son 15 ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə böyük uğurlar əldə edilib. Abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müsbət nəticələrə nail olunub. Aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib. Beləliklə, yeni islahatlar kursu inkişafın davamlılığını reallaşdırıb.

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən qurumların diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatı da bu baxımdan diqqət çəkir.

2018-ci il oktyabr ayının 31-də Dünya Bankı tərəfindən yayımlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu isə bir daha təsdiq edir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Eyni zamanda, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib, nəticədə ölkədə maliyyə sabitliyi və iqtisadi artım qorunub saxlanılıb, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

“Doing Business 2019” hesabatı, həmçinin Azərbaycanın artıq iqtisadi cəhətdən azad ölkə olduğunu təsdiqləyir. Respublikada əlverişli biznes, investisiya mühitinin mövcudluğu da bu faktın bariz ifadəsidir. Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşər.

İnayət Hüseynov qeyd edir ki, hökumət bu gün vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.

Ötən yazılarımdan birində icra hakimiyyətləri sahısində həyata keçirilən islahatlarla bağlı yazımda bir neçə nüansa toxunmuşdum.

İlham Əliyevin liderliyi dövründə texnokrat bacarıqlı insanlar icra hakimiyyətlərinə rəhbər təyin olundular. Onlar rayonların sovetlərdən miras qalan dağınıq iqtisadiyyatını bərpa etməkdə, infrastrukturun təzələnməsində müəyyən rol oynaya bildilər. Hərçənd ki, yerli məmur obrazlarına sadə vətəndaşların münasibəti hələ də istismarçı keçmişin ənənələri üzərində olduğuna görə ümidləri doğrulmayan insanlar getdikcə daha çox bölgələrin birinci simalarını bütün çətinliklərin səbəbkarı kimi göstərməyə çalışırdılar. Enerji sektorundan su təsərrüfatına, yollardan hər hansı istehsal sahəsinədək hər yerdə paytaxtın hüquqi-siyasi-iqtisadi qurumlarından asılı olmaq başqa nəticə doğura bilməzdi.

Digər tərəfdən demoqrafik disbalans hökuməti təcili tədbirlər görməyə vadar edirdi. Paytaxtın yüklənməsi və boşalan kəndlər təkcə sosial yükün coğrafiyasını dəyişdirmirdi, eləcə də Mərkəzdəki idarəçiliyi çətinləşdirir, əvəzində büdcəyə uzanan əllər yaradırdı. Təsadüfi deyil ki, regionların iqtisadi proqramları məhz dövlət rəhbərinin əhalinin məşğulluq və iqtisadi problemlərini öz ünvanında həll etmək məramından irəli gəlmişdi. Yalnız bir rəqəmi demək kifayətdir ki, 2003-2015 ci illərdə bölgələrə qoyulan vəsait 50 milyard manata çatmışdı. Nəticədə daxili urbanizasiya və miqrasiya tempi xeyli azaldı və geridönüş baş verdi. İqtisadiyyatın coğrafiyası şaxələnə bildi. Təkcə onu xatırladaq ki, bu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 22,7 faiz artıb.

Bu faktın bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artmasına və büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərdiyinə, digər tərəfdən isə regionların özünümaliyyələşdirmə imkanlarının yaxşılaşdığına dəlalət etdiyini xüsusi qeyd edim.”

Bütün bu islahatlar və çeviklik fonunda Milli Məclisin yenilənməsi də labüd və zəruri idi. Dünyada parlamentin buraxılmasının müxtəlif ənənələri mövcuddur. Bu da özlüyündə müxtəlif səbəblər doğurur.

Peruda qanunverici orqanla ölkə başçısı arasında yaşanan gərginlik nəticəsində ölkədə ikihakimiyyətlilik yaranıb. Əvvəlcə ölkə başçısı Martin Viskarra çoxluğu müxalifətin təşkil etdiyi Konqresin buraxıldığını açıqlayıb. Bundan sonra toplanan Konqres qərar qəbul edərək, dövlət başçısının səlahiyyətlərini əlindən alıb və vitse-prezident Mersedes Araozu müvəqqəti prezident elan edib.

İtaliya prezidenti Sercio Mattarella 2017-ci il dekabrın 28-də parlamentin buraxılması haqqında fərman imzalamışdı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin buraxılması haqda qərara imza atmışdı. Dünyada növbədənkənar parlament seçkilərinin müxtəlif örnəkləri mövcuddur.

Azərbaycanda bütün sahələrdəki islahatlar kursunun məntiqi yekunu kimi iqtidar partiyasının Prezidentə növbədənkənar seçki üçün müraciəti təqdirəlayiqdir.

"Prezident İlham Əliyevin apardığı islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bu islahatlar bir çox sahələri əhatə edir və dövlətimizin daha da inkişafına hesablanıb. 2019-cu ildə dövlətimizin başçısının sərəncamları ilə böyük sosial addımlar atılıb. Aparılan islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə edir. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparılıb və bu davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qərara gəliblər ki, bu gün Siyasi Şuranın iclasında üzvlərin əksəriyyətinin iradəsini ifadə edərək, yekdil mövqe nümayiş etdirərək, parlamentin də yenilənməsinin Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olacaq. Bu gün partiyanın da geniş şəkildə təmsil olunduğu parlamentin buraxılması xahişi ilə dövlətimizin başçısına müraciət olunması barədə qərar qəbul edib" - bu sözləri Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov noyabrın 28-də keçirilən mətbuat konfransında deyib.

Əli Əhmədov qeyd edib ki, Prezidentin öz səlahiyyətindən istifadə edərək parlamenti buraxması islahatların daha səmərəli şəkildə aparılmasına töhfə verəcək.

Növbəti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun formalaşması bizim diqqətimizdə olacaq. Bunu da Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, parlamentə xalqı layiqli təmsil edən insanlar cəlb ediləcək:

“Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni Azərbaycan Partiyasından nə qədər insanın parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.

Ə.Əhmədov vurğulayıb ki, parlamentin buraxılmasında qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Burada söhbət Azərbaycanda həyata keçirilən islahatların daha əhatəli olmasından gedir: "Dünyanın bütün ölkələrində növbədənkənar parlament seçkiləri keçirilir”.

Ümumiyətlə, Azərbaycanda niyə növbədənkənar parlament seçkiləri keçirilməlidir? Mən bununla bağlı bir neçə qənaətimi bölüşmək istəyirəm:

11 yanvardan etibarən start göürən islahatlar kursu Azərbaycandakı bütün sahələri əhatə etməlidir. Milli Məclis Prezident İlham Əliyevin yürütdüyü siyasətə, yeniləşən icra hakimiyyəti sisteminə, hökumətə uyğun olmalıdır. Siyasi balans mütləq təmin olunmalıydı.

Millət vəkilləri xalqın içində olmalı, insanlardan qaçmamalı, media ilə, bloqsfera və digər platformalarla fəal işləməyi bacarmalıdır. Parlamentdəki rəngarənglik, fikir mübarizələri, plüralizm, ideoloji fərqliliklər zəruridir. Məhz bu baxımdan qanunverici orqan xalqın yanında öz nüfuzunu daim qorumağa qadirdir. 2020-ci ildə xalqın bütün maraqlarını qoruyan, aktiv bir Milli Məclis olmalıdır.

Nəhayətdə, bloqsfera, sosial media və insanlar arasındakı müşahidələr göstərir ki, insanlar Milli Məclisin yenilənməsini, növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyirlər.

P.S. Artıq ölkəmiz tamam fərqli bir dönəmə daxil olub!



Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

Azvision.az

Teqlər: Seçki   Parlament