“Türkiyə ilə iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik” - Prezident

   “Türkiyə ilə iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik” -    Prezident
  30 Noyabr 2019    Oxunub:7373
Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində söyləyib.

Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng layihələrin iki ölkənin gücünü göstərdiyini və iqtisadi gücün siyasi gücə çevrildiyini vurğulayan dövlətimizin başçısı deyib: “TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bundan sonra da birgə həyata keçiriləcək bütün layihələr TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Türkiyə   TANAP  





Xəbər lenti