Azərbaycan və Rusiya gömrükçüləri görüşdü

Azərbaycan və Rusiya gömrükçüləri görüşdü
  01 Dekabr 2019    Oxunub:2138
Dərbənd şəhərində Azərbaycan və Rusiya sərhədyanı gömrük orqanlarının nümayəndələri arasında növbəti işçi görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri də iştirak edib.

Görüşün keçirilməsində məqsəd Azərbaycan və Rusiyanın dövlət sərhədindən sərnişinlərin və nəqliyyat vasitələrinin keçidinin müntəzəmliyinin və sinxronluğunun təşkili, eləcə də malların mənşəyinin təyin edilməsi haqqında ST-1 formalı sertifikatın rəsmiləşdirilməsi qaydası ilə bağlı məsələlərin müzakirəsi olub.

İşçi görüş zamanı iki ölkənin dövlət sərhədindən sərnişinlərin və nəqliyyat vasitələrinin keçidinin müntəzəmliyinin və sinxronluğunun təşkili üçün daha səmərəli və təkmil mexanizmlərin işlənib hazırlanmasına, Azərbaycanda qeydiyyatda olan xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən məhsul və nəqliyyat vasitələri barədə ilkin məlumatların Rusiya gömrük orqanlarına ötürülməsinin təşkilinə və beynəlxalq avtomobil sərhəd keçid məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sayının ildən ilə artdığını nəzərə alaraq dəmir yolu nəqliyyatından daha intensiv şəkildə istifadəsinə dair məsələlər ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, ST-1 formalı preferensial sertifikatların doldurulmasına, malın mənşə ölkəsinin təyin edilməsi zamanı emal və yenidən emal ilə bağlı meyarlara düzgün riayət edilməsinin zəruriliyi vurğulanıb.

Görüşün sonunda Azərbaycan və Rusiya sərhədyanı gömrük orqanlarının nümayəndələri iclasın yekunlarına dair Protokol imzalayıblar.

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti