"Azərbaycan BƏƏ ilə əlaqələrə xüsusi önəm verir" - Nazir
BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd əl-Qubaisi ölkəsinin yaranmasının 48-ci ildönümündə keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, bu uğurların ən bariz nümunəsi Şeyx Xəlifə bin Zayed Al-Nahyanın tolerantlıq prinsipləri ilə birgə yaşayış və qarşılıqlı hörmət əsasında 200-dən artıq müxtəlif millətlərin yaşadığı bir dövlətdə 2019-cu ili "Tolerantlıq ili" elan etməsidir.
Səfir vurğulayıb ki, ölkəsində ilin ən böyük uğurlarından biri də BƏƏ pasportunun indeksinin güclənməsi və öz liderliyini davam etdirməsidir.
"BƏƏ hər zaman sülh və əməkdaşlıq təşəbbüslərini bütün dünyaya çatdırmağa çalışıb, dünyanın müxtəlif dövlətləri ilə dostluq və yüksək səviyyəli münasibətlər qurmağa can atıb. Bu, bizə "Expo Dubai 2020"nin ev sahibliyini qazanmağa imkan verdi", - deyə səfir əlavə edib.
Azərbaycanla əlaqələrdən söz açan diplomat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli münasibətlər qurulub:
"Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilələrin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Bu yaxınlarda baş tutmuş BƏƏ -Azərbaycan Ticarət Məclisi olduqca səmərəli keçdi. Şübhəsiz ki, bu göstəricilər və nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərimizin nəticəsidir".
Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ xalqını bayram münasibətilə təbrik edib. Bildirib ki, bu gün BƏƏ dünyada öz layiqli yerini tutub.
"Dost ölkənin uğurları Azərbaycanı sevindirir", - deyə nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir.
"Biz BƏƏ-nin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndirir, buna görə təşəkkür edirik".
Nazir gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BƏƏ