Dövlət qurumlarının qida təchizatı necə həyata keçirilir? - FOTOLAR+VİDEO

  03 Dekabr 2019    Oxunub : 1304
Dövlət qurumlarının qida təchizatı necə həyata keçirilir? - FOTOLAR+VİDEO
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional İdarəsinə mediatur təşkil olunub.
Azvision.az-ın məlumatına görə, "Aqrar Tədarük və Təchizat" ASC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayis Musayev bildirib ki, mediaturun məqsədi KİV nümayəndələrini və ictimaiyyəti qurumun əsas vəzifəsi olan satınalan dövlət qurumlarının qida məhsulları ilə təchizatı prosesi və proses müddətində ərzaq təhlükəsizliyinin təminatının təşkili ilə tanış etmək olub.




Regional İdarənin iş prinsipi barədə jurnalistlərə məlumat verilib. Bildirilib ki, anbarın ümumi sahəsi 1500 kvadrat metrdir. Region üzrə dövlət təşkilatlarına paylanan ərzaq məhsulları bu anbarda toplanır və ayda bir, ya da iki dəfə olmaqla, təşkilatların sifarişi üzrə çatdırılma həyata keçirilir.



Jurnalistlərin müşayiəti ilə məhsulların saxlanma şəraiti və yük maşınlarına yüklənmə prosesi həyata keçirilib. ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov Gəncə şəhəri və ətraf rayonlarda ümumilikdə 125 dövlət qurumunun ərzaq təchizatının həyata keçirildiyini bildirib.



Onun sözlərinə görə, Gəncə Regional İdarəsi Gəncə şəhəri daxil olmaqla Samux, Göygöl, DaşkəsənKəlbəcər rayonlarına aid müxtəlif satınalan dövlət qurumlarını kənd təsərrüfatı və ərzaq məhsulları ilə təchiz edir. Üstünlüyü bağçalar təşkil edir. Belə ki, region üzrə 92 bağça qida məhsulları ilə təchiz edilir. Ümumilikdə 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Məhsullar anbara daxil olduğu zaman keyfiyyətə nəzarət edən mütəxəssislər tərəfindən yoxlanılır.



Daha sonra jurnalistlər ərzaq məhsulları ilə təchiz olunan 32 saylı körpələr evi-uşaq bağçasında ərzaq məhsullarının təhvil-təslim prosesini müşahidə ediblər. Jurnalistlərə açıqlama verən bağça müdiri Sahilə Hüseynova hazırda 33 adda qida məhsulu tədarük etdiklərini bildirib. Onun sözlərinə görə, məhsulların çeşidi mövsümə uyğun olaraq dəyişir. Məhsullar keyfiyyət sertifikatı ilə bərabər qəbul edilir.



Medaiaturda iştirak edən jurnalistlər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında da məhsulların təhvil-təslim prosesini izləyiblər. Anbardar Fəxrəddin Abbasov xəstəxananın 15 adda məhsul tədarük etdiyini deyib.



Qeyd edək ki, "Aqrar Tədarük və Təchizat" ASC fermerlərdən və yerli qida məhsulları istehsalçılarından tədarük etdiyi məhsullar vasitəsilə dövlət qurumlarının və özəl təşkilatların ərzaq təchizatını həyata keçirir. Görülən işlərlə bağlı mütəmadi olaraq mediaya və ictimaiyyətə məlumat verilir.

















Bəxtiyar Məmmədov
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Bağça   Məktəb