AQTA sahibkarlara xəbərdarlıq etdi

AQTA sahibkarlara xəbərdarlıq etdi
  03 Dekabr 2019    Oxunub:2431
Məlum olduğu kimi, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -a verilən məlumata görə, qanunvericiliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır.

Eyni zamanda 12 iyul 2019-cu il tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.

"Yuxarıda göstərilənlərə əsasən, balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması zəruridir.

Bununla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilmiş, onlara rəsmi məktublar göndərilmiş və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilmişdir..

Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, 1 yanvar 2020-ci il tarixinə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsulların ölkəyə idxalına yol verilməyəcəkdir!"

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti