Üç müxalifət partiyası: “Növbədənkənar seçki olsa, iştirak edəcəyik”

  Üç müxalifət partiyası:  “Növbədənkənar seçki olsa, iştirak edəcəyik”
  03 Dekabr 2019    Oxunub:5223
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Hazırda ölkə gündəminin əsas müzakirə mövzusu Milli Məclisin buraxılması və erkən seçkilərdir. Radikal müxalifət təmsilçiləri müxtəlif bəhanələrlə seçkidə iştirakdan imtina edəcəklərini bildirirlər. Bəs müxalifətin digər təmsilçiləri seçki olacağı təqdirdə, qatılacaqlarmı?
Azərbacan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azvision.az -a bildirib ki, bu məsələ partiyanın idarə heyətində müzakirə olunub və növbədənkənar parlament seçkilərində iştirak barədə qərar qəbul edilib:

“Biz parlament seçkilərinə qatılacağıq. Sadəcə seçki ilə bağlı ölkə başçısının fərmanı yoxdur. Ancaq biz niyətimizi ifadə etmişik. Seçki olarsa, aktiv şəkildə iştirak edəcəyik”.



S.Cəlaloğlu hesab edir ki, istənilən seçkidən kənarda qalmaq doğru deyil: “Seçkilərin özü demokratik prosedurdur. Biz demokratik prosedurlar uğrunda mübarizə aparırıqsa, nəticəsindən asılı olmayaraq, belə prosudurların inkişaf etməsində mütləq maraqlı olmalıyıq və ən azı bu səbəbdən seçkidə iştirak vacibdir. Qanunvericilikdə vətəndaşları seçkidən yayındırmaq qadağan olunub. Həmçinin siyasi partiyalar haqqında qanuna görə, partiya üzvlərinin hüquqları hər hansı ad altında məhdudlaşdırıla bilməz. Ona görə seçkinin boykotunu başa düşmürəm. Çünki alternativ olmalıdır. Sual olunur: boykot qərarı verənlərin alternativi nədir? Qeyri-seçki yolu ilə hakimiyyətin dəyişdirilməsi. Bu, həm qanunvericiliyə ziddir, həm də məqbul deyil. Çünki qeyri-seçki yolu ilə hakimiyət dəyişdirilərsə, Azərbaycan çox şey itirə bilər. Bu baxımdan hesab edirəm ki, seçkidə iştirakdan başqa alternativ yol yoxdur”.



Azərbaycan Milli İstiqlal Partiyasının katibi Əli Orucov da seçkidə iştirak etməyə hazır olduqlarını deyib: “Seçkinin vaxtı hələlik bəlli deyil. Amma partiyanın seçkidə iştirakı gözləniləndir. Biz seçkilərdə həmişə iştirak etmişik. Bütün dəyişikliklərin, demokratik islahatların açarı kimi seçkiləri əsas vasitə kimi görmüşük”.

Seçkidə iştirakdan imtina edən partiyalarla bağlı məsələyə gəlincə, AMİP katibi vurğulayıb: “Hər bir partiyanın məsələlərə yanaşması, baxışı var. Azərbaycan təcrübəsi göstərir ki, boykot taktikası işləməyib, uğur gətirməyib. Siyasi partiyaların vəzifəsi seçkilərdə iştirak etmək, normal seçki mühitinin yaradılmasına çalışmaq, əhalini seçkiyə cəlb etməkdir. Hesab edirəm ki, boykot taktikasını seçməklə insanları seçkidən kənarlaşdırmaq onların konstitusion hüquqlarını məhdudlaşdırmaq deməkdir. Boykot etməkdənsə, seçkidə iştirak daha məqsəduyğundur”.



ReAl Partiyasının icra katibi Natiq Cəfərli isə bildirib ki, təmsil olunduğu partiya seçkidə iştirak edəcək: “Partiya olaraq əvvəlcədən parlament seçkilərində iştirak edəcəyimizi bildirmişdik. İşimizi elə qurmuşduq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvü namizəd siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Bundan sonra seçkilərdə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

Boykot qərarı verənlərlə bağlı məsələyə gəlincə, N.Cəfərli deyib ki, seçki də, həyat da mücadilədir, seçkidən imtina isə siyasi intihardır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki   Müxalifət   Boykot  





Xəbər lenti