“Bu məsələ bizi ciddi düşündürməlidir” - Nazir statistikanı açıqladı

 “Bu məsələ bizi ciddi düşündürməlidir” -    Nazir statistikanı açıqladı
  03 Dekabr 2019    Oxunub:3427
"Təəssüf doğuran odur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 16 faizi, elmlər doktoru proqramlarını bitirənlərin 14 faizi dissertasiya müdafiə edə bilib. Bu məsələ bizi ciddi düşündürməlidir. Hesab edirik ki, son zamanlar qəbul olunan mühüm qərarlar bu sahədə ciddi irəliləyişin yaranmasına imkan verəcək".
Azvision.az xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, 2018-ci ildə Azərbaycanda fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanmasını həyata keçirən müəssisələrin sayı müvafiq olaraq 119 və 89 olub. Hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır. Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali məktəblərin payına düşür.

O qeyd edib ki, 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665, elmlər doktoru proqramlarına 165 nəfər qəbul olunub. Həmin ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq 605 və 87 nəfər olub.

C.Bayramovun sözlərinə görə, Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində prioritet istiqamətləri artıq müəyyən edilib. Siyahıda təbiət, kənd təsərrüfatı, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, humanitar və sosial istiqamətlər yer alıb.

Bundan əlavə, nazir 2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə elanın verildiyini nəzərə çatdırıb. Əlavə edib ki, "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1538 nəfər magistratura, 575 nəfər rezidentura, 173 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb. Bu da bütün proqram təqaüdçülərin 64%-ni təşkil edib:

"Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti