Azərbaycan məhsulları Sofiyada xeyriyyə bazarında - FOTOLAR

Azərbaycan məhsulları Sofiyada xeyriyyə bazarında -    FOTOLAR
  04 Dekabr 2019    Oxunub:3491
Azərbaycanın Bolqarıstandakı Səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 25-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil etmişdir. Bazarda iştirak edən Səfirlik Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası və digər təamlar böyük marağa səbəb olub. Bazarda həmçinin Azərbaycan istehsalı olan müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.



Azərbaycan stendində həmçinin milli mədəniyyətimizin vacib məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunub. Ölkəmizdə çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilib. İzləyicilər Azərbaycanın çay dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.Ölkəmizə aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.



Bu ilki xeyriyyə bazarında Səfirlik iki stendlə iştirak edib. Belə ki, Səfirlik ənənəvi stendlə yanaşı, ikinci stenddə zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini əks etdirən və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə əlaqədar muxtar respublikasının əlamətdar yerlərini təsvir edən şəkillərdən ibarət foto-sərgi təşkil edib.



Tədbir çərçivəsində Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburq (II Simeon) və xanımı Marqarita stendimizi ziyarət edərək nümayiş olunan məhsullar və yemək növləri ilə tanış olmuş və ölkəmiz barədə yüksək fikirlər söyləyiblər. Tədbirdə iştirak edən KİV nümayəndələri stendlərimizə böyük maraq nümayiş etdiriblər. Səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosu, Focus və Anadolu Xəbər Agentliklərinə müsahibə verib. O, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə məlumat verib.



Səfir Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr etdiyini diqqətə çatdırıb. Səfir Bakı və Sofiya arasında birbaşa hava əlaqəsinin açılmasının bolqar turistlərinə ölkəmizi daha yaxından kəşf etməyə şərait yaratdığını qeyd edib və dost bolqar xalqını multikultural dəyərlərə malik olan ölkəmizin rəngarəngliyi və gözəlliklərindən zövq almaq üçün Azərbaycana dəvət edib.



Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri tərəfindən işıqlandırılıb. Bolqarıstan Teleqraf Agentliyinin, Focus və Anadolu Xəbər Agentliklərinin internet səhifəsində Azərbaycan stendi barədə məqalələr yerləşdirilib, Bolqarıstan Milli Radiosunda səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibəsi yer alıb. Qeyd edək ki, builki xeyriyyə bazarı 25 illik və Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 30 illik yubileyləri ilə əlamətdar olmuş və 80-ə yaxın ölkəni əhatə edib.




Azvision.az


Teqlər: Sofiya  





Xəbər lenti