Getdikcə qabaran dalğa: İslahatlar

  04 Dekabr 2019    Oxunub : 1720
 Getdikcə qabaran dalğa: İslahatlar
İslahatlar ölkələrin demokratikliyini, inkişaf dinamikasını, gələcəyə baxışını göstərən prosesdir. Azərbaycan son dövrlərdə dünya ölkələri arasında ən islahatçı ölkə kimi tanınır. Davos Ümumdünya Formu Azərbaycanın 20 ən islahatçı ölkə sırasında olduğunu qeyd edir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilib. İslahatlar Prezident İlham Əliyevin prinsipial qərarı, siyasi kursunun başlıca hədəfidir.
İslahatların məqsədi isə Xalqın rifahının, həyat şəraitinin yaxşılaşdırılması, ölkənin beynəlxalq imicinin daha da gücləndirilməsidir. Son 15 ildə Azərbaycanın inkişaf tempi sözün əsl mənasında əfsanəvi sıçrayışa səbəb olub. Bunun başlıca səbəbi isə böyük və kiçik islahatlardır. Hər il aparılan islahatlar böyük bir paketin hissələri, hazırlanmış planların ardıcıl icra olunmasının nəticəsidir. Ölkə başçımızın apardığı yenilənən, güclü, uzaqgörən siyasi kurs bütün dünyanın diqqətini çəkib.

Hələ 2012-ci ilin 13 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” demək olar ki, dünyada vətəndaşa xidmət göstərilmə keyfiyyətinin təşkili sahəsində birincilərdən oldu. “ASAN xidmət” məhz vətəndaşın rahatlğını düşünməsi və keyfiyyətli xidmətin təşkililə digər dünya ölkələrini də valeh etməyi bacarmışdı. Bir çox ölkələr bu təcrübədən yararlanmaq üçün tədbirlər təşkil etmiş, qarşılıqlı səfərlər həyata keçirmişdilər. Fikrimcə, islahatların birinci dalğası məhz vətəndaşlara göstərilən xidmətin şəffaflığı, rahatlığı və keyfiyyətli təşkilində “ASAN xidmət”in yaradılması idi. Azərbaycanın “ASAN xidmət” konsepsiyası hətta insanlara xidmətin üstünlüyünün vacib olduğu Avropada belə, nümunə kimi qəbul olunmuşdu.

Son 15 ildə aparılan islahatların ikinci dalğası ardıcıl iqtisadi islahatlar idi: Bağlanılmış nəhəng sazişlər, sənayeləşmə siyasəti, yeni beynəlxalq neft kontraktları, nəhəng transmilli enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan "Şahdəniz-2”... TANAP dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biri oldu. Bütün bu layihələr ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması üçün ideal zəmin yaradıb. Bu zəmin sayəsində infrastruktur layihələrin çoxalması, sürətlənməsi, gələcək layihələrin planlaşdırılması, daimiliyi təmin olunub. Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payının 50 faizdən 70 faizə yüksəlməsi neft ölkəsi ümün əsl inqilab idi. Aparılan iqtisadi islahatlar sayəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplanıb. Bu toplanan vəsait isə sosial sahələrə yönəldilib. Nəticədə bu il əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb.

Yeni iqtisadi islahatlarda mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib. biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb. Yeni sənaye, aqro və texnoparklar, sənaye məhəllələrinin yaradılıb, vergi və gömrük islahatlarında sahibkarların vergi yükü, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub. Həmçinin yeni “DOST” Mərkəzi, TƏBİB, DAİM təsis olunub, turizm, qida, aqrar kredit və inkişaf agentlikləri, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb. Bütün bu islahatlar sayəsində son 15 ildə Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb ki, bu da əhalinin məşqulluq səviyyəsinin artımına böyük tövhə verib.

İslahatların digər qanadı sosial islahatlardır. İlk nəzərə çarpan əməkhaqqlarının və pensiyaların artırılması idi. Son 15 ildə əməkhaqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq, 116 manatdan 160 manata çatdırılıb. Prezidentin hədəfi isə bu artımın planlı şəkildə tez-tez baş verməsidir.

Sosial islahatların başqa bir tərəfi Qarabağ veteranlarına, şəhid ailələrinə, devalevasiya nəticəsində banklara əlavə borclanan insanlara yönəldi. Belə ki, gündəmdə olmadığı halda, ölkə başçısı şəhid ailələrinə birdəfəlik ödənişin verilməsi ilə bağlı tapşırıq verdi. İkinci Dünya müharibəsi veteranları, Qarabağ əlilləri, Qazilər və bir çox jurnalistlər mənzillərlə təmin olundu. Şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib. Müharibə əlilərinə isə indiyədək 6400-dək minik avtomobili verilib. Son 15 ildə isə 54 min 203 ailənin mənzil-məişət problemi yüksək səviyyədə həll olunub. Ümumiyyətlə, ötən ilin sonunadək 58223 ailənin və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Gənc ailələrin mənzillərlə təmin olunmasını asanlaşdırmaq üçün “Sosial ev” layihəsi ən uğurlu yaihələrdən biri olmağı bacardı. Ardınca isə bu layihə inkişaf edərək digər kateqoriyadan olan vətəndaşlara yönəldildi. Bu, yeni sosial təşəbbüs, mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək oldu və olmaqda davam edir.

Dövlət başçısının uğurlu sosial siyasəti, əhalinin sosial müdafiəsinin gücləndirilməsini, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində ardıcıl şəkildə mühüm addımların atılmasını təmin edib. Bu siyasətin bir hissəsi kimi, yeni sosial təyinatlı obyektlər, o cümlədən, sosial xidmət və reabilitasiya məqsədli müəssisələr tikilərək istifadəyə verilib. Prezidentin 2 dekabr 2019-cu il tarixli Sərəncamı ilə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradıb, gəcələkdə bu yöndə layihələrin davamlılığını təmin edib. 2020-ci ildə Azərbaycanda həyata keçiriləcək ən böyük sosial islahat tədbirindən biri də ölkə miqyasında icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi sığortanın tətbiqi təkcə dövlətin və ya tibb işçilərinin yox, başda vətəndaşın maraqlarını təmin edir. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin böyük bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Hər kəs ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardımdan istifadə edə biləcək. 2020-ci ilin dövlət büdcəsinin layihəsində “Səhiyyə” bölməsi üzrə bu ilin üçün 34 faiz çox vəsait nəzərdə tutulub. Bu islahatlar həm də Səhiyyənin sürətli inkişafi üçün zəmin yaradacaqdır.

İslahatların növbəti dalğası isə kadr islahatları idi. Dövlət başçısı yenilənən dinamik islahatların davamlı olması üçün gənc kadrların irəli çəkilməsini təmin edib. Belə ki, gənc icra başçılarının təyinatı, aparıcı partiya olan Yeni Azərbaycan Partiyasının üzvlərinin gəncləşdirilməsi, Prezident Adminstrasiyasında struktur dəyişikliyi və ən sonda, Milli Məclisin Prezidentin apardığı siyasi islahatlara yardımçı olması üçün yenilənməli olduğu düşünən Yeni Azərbaycan Partiyası məclisdə çoxluq təşkil etdiyindən, Milli Məclisin buraxılması barədə qərar qəbul edib və Prezidentə müraciət ünvanlayıb. Prezidentin iqtisadi, sosial və kadr islahatlarının hədəfi vətəndaşların rifahının daimiliyinin təmini, və güclü Azərbaycandır. Müşahidə edirik ki, islahatlar hərtərəfli həyata keçirilir və bütün bunlar dinamik siyasətin aparıldığının bariz nümunəsidir.

Bəxtiyar Məmmədov
Azvision.az
Məqalə “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazılıb

Teqlər: SƏLİS   islahatlar