Hotellər üçün minimal nömrə tələbi qoyulacaq

  04 Dekabr 2019    Oxunub : 711
Hotellər üçün minimal nömrə tələbi qoyulacaq
"Azərbaycanda ilk dəfə hotellər üçün minimal nömrə tələbi qoyulacaq".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib. Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Qurum rəsmisi qeyd edib ki, mehmanxana açmaq istəyən hər sahibkar bilməlidir ki, burada ən azı 11 yer olmalıdır: "Əks halda həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək. Digər məsələ qonaqların qeydiyyatı ilə bağlıdır. Hazırda yerləşdirmə vasitələrində qonaqların qeydiyyatı müəyyən anketin doldurulması ilə aparılır. Bu anketlər də aidiyyəti qurumlara təqdim olunur. Biz bu işi asanlaşdırmaq istəyirik. Kağız işinin olmaması üçün qonaqların qeydiyyatının mərkəzləşdirilmiş formada aparılmasını təklif etmişik. Burada qonaqların fərdi məlumatlarının təhlükəsizliyinə xüsusi önəm verilir. Heç bir dövlət qurumunun öz səlahiyyətinə aid olmayan informasiyaya çıxış imkanı olmayacaq".

Q.Xeyirxəbərli əlavə edib ki, DTA tərəfindən hazırlanan yeni qanun layihəsinin bu ilin sonunda hökumətə təqdim edilməsi nəzərdə tutulub: "Layihə turizm sənayesi üçün ağır öhdəliklər yaratmır. Əksinə, turizm sənayesinin işini asanlaşdıran, onların fəaliyyətini stimullaşdırır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Hotel   Turizm