“Otellərə ödənilən pulla xidmətin keyfiyyəti uyğun gəlmir”

  04 Dekabr 2019    Oxunub : 928
“Otellərə ödənilən pulla xidmətin keyfiyyəti uyğun gəlmir”
"Hazırda Azərbaycanda hotellər öz rəylərinə əsasən, ulduz təyin edirlər. Buna görə də bəzi qonaqlar hotel üçün ödədikləri pula uyğun xidmət ala bilmədiklərini qeyd edirlər"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Prezidenti Martin Kleinmann bildirib. Onun sözlərinə görə, əcnəbilər 4-5 ulduzlu hotel üçün pul ödəyirlər ki, gələndə buna uyğun xidmət ala bilsinlər:

"Ödənilən pulla xidmətin keyfiyyəti uyğun gəlmir. Ona görə də bu işi mərkəzləşdirilmiş qaydada həyata keçirmək istəyirik ki, hotellər öz ulduzlarına uyğun xidmət təqdim etsinlər. Ulduzların özbaşına, yəni hotellərin öz rəyləri əsasında verilməsi Bakının, ümumiyyətlə Azərbaycanın bütün turizm sənayesi üçün təhlükə yaradır. Çünki müştərilərin məmnunsuzluğu ölkənin turizm xidmətləri ilə bağlı mənfi rəylərin yaranmasına səbəb olur. Əgər biz hotellərin təsnifatlaşdırılmasını uğurla həyata keçirə bilsək, ölkədəki hotellərin uyğun ulduzları olsa, onda turist digər inkişaf etmiş ölkələrdəki hotellərdə göstərilən xidməti əldə etmiş olacaq. Bu da bizim üstünlüyümüz olacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm