Elektron Hökumətin İnkişafı Mərkəzi "Bakutel-2019"da

  04 Dekabr 2019    Oxunub : 1134
Elektron Hökumətin İnkişafı Mərkəzi "Bakutel-2019"da
"Baku Ekspo Mərkəzi"ndə keçirilən "Bakutel-2019" XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunur.
Azvision.az xəbər verir ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin stendində mərkəzin idarə etdiyi, o cümlədən texniki cəhətdən ərsəyə gətirdiyi layihələr, Mərkəz əməkdaşları tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsini təmin edən İKT sahəsində həllər nümayiş olunur.



Ekspozisiya ilə tanış olan ziyarətçilərə reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin edən “myGov” portalı, ölkənin ən böyük ödəniş sistemi olan “ASAN ödəniş” sistemi, ölkəyə gələn turistlərin məmnunluğunun yüksəlməsində rol oynayan “ASAN Viza” sistemi, maliyyə sektorunda xərclərin azalmasını və sürətli qərarvermə imkanını təmin edən”ASAN Finans” sistemi və süni intellekt sahəsində mərkəzin gördüyü işlər barədə ətraflı məlumat verilir.



25-ci Bakutel sərgisində Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdim etdiyi süni intellekt həlləri böyük marağa səbəb olub. Belə ki, əşya tanıma özəlliyinə malik olan sistem vasitəsilə insan intellekti ilə süni intellekt qarşı qarşıya gəlib. Süni intellekt insanların intellektini sınayaraq onlara müxtəlif əşyalar haqqında suallar ünvanlayıb. Doğru əşyanı ona göstərən şəxslərə tərəfimizdən hədiyyələr verilib. Qeyd edək ki, təqdim etdiyimiz süni intellekt nümunəsi təkcə əşya tanıma ilə limitlənmir. İnsanın təqribi yaşını, emosiyalarını, cinsiyyətini və.s xüsusiyyətlərini aşkar edə bilən sistemdən gələcəkdə sorğu, analiz və təhlükəsizlik məqsədlərilə istifadə edilməsi planlaşdırılır.

Azvision.az

Teqlər: ElektronHökumət   Bakutel