“Azərbaycan Qazaxıstan üçün qardaş ölkədir” - Səfir

 “Azərbaycan Qazaxıstan üçün qardaş ölkədir” -    Səfir
  05 Dekabr 2019    Oxunub:3082
Bakıda Qazaxıstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Azvision.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən səfir Serjan Abdıkarimov müstəqillik illərində ölkəsinin keçdiyi inkişaf yolundan söz açıb. Bildirib ki, birinci Prezident Nursultan Nazarbayevin həyata keçirdiyi islahatlar Qazaxıstanı böyük inkişaf yoluna çıxarıb. Hazırkı Prezident Kasım-Jomart Tokayev tərəfindən bu siyasət davam etdirilir.

Azərbaycanla əməkdaşlıqdan danışan diplomat deyib ki, dövlətlərimiz arasında möhkəm dostluq münasibətləri var: "Bu münasibətlərin əsasını Birinci Prezident Nazarbayev Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoyub, hazırkı prezidentlər tərəfindən bu əlaqələr müxtəlif sahələrdə davam etdirilir. Azərbaycan Qazaxıstan üçün qardaş ölkədir və gələcəkdə münasibətlərimiz daha da inkişaf edəcək".

Azərbaycan hökuməti adından çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bayram münasibətilə Qazaxıstan xalqını təbrik edib. Bildirib ki, iki ölkə arasında tarixi dostluq münasibətləri mövcuddur.

"İki ölkənin münasibətləri bütün sahələrdə inkişaf edib. İqtisadi ticarət dövriyyəsi artıb. Ticarət dövrəyyimiz bu ilin 10 ayı ərzində ərzində 190 milyon dollardan çox olub, ötən il isə 221 milyon dollar təşkil edib. Ölkələrimiz arasında münasibətlər hərtərəfli inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz sıx əməkdaşlıq edir. Qazaxıstan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Buna görə təşəkkür edirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti