Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsi

Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsi
  06 Dekabr 2019    Oxunub:2001
Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək - Tvinninq layihəsi ilə bağlı brifinq keçirilib.
Azvision.az -ın məlumatına görə, əvvəlcə Avropa İttifaqının əməkdaşlıq bölməsinin rəhbəri, müşavir elçi Simona Qatti layihə barədə məlumat verib.
O bildirib ki, Tvinninq layihəsi Fransa, Latviya və Litva ilə birgə yaratdıqları konsensium tərəfindən həyata keçirilir: "Təkcə Avropa İttifaqı ölkələrində deyil, ittifaqın əməkdaşlıq etdiyi ölkələrdə, eləcə də Azərbaycanda təhsilin keyfiyyəti vacib əhəmiyyət kəsb edir. Avropa İttifaqı Erasmus Proqramı çərçivəsində azərbaycanlı tələbələrə Avropa universitetlərində, eləcə də avropalı gənclərin Azərbaycan ali məktəblərində oxumasına şərait yaradır. Tvinninq layihəsinin məqsədi isə Azərbaycanın təhsil sistemində səriştəyə əsaslanan yanaşmanı inkişaf etdirməkdir. Səriştəyə əsaslanan təhsil sistemi Azərbaycan təhsilinin prioritet istiqamətlərindəndir”.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov qeyd etdi ki, layihənin Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlara faydası olacaq: "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsi 2018-ci ildən etibarən icra olunur və 2020-ci ilin aprel ayına qədər davam edəcək. Layihənin əsas məqsədi kompetensiya əsaslı təhsil proqramlarının hazırlanması, eyni zamanda tələbəyönümlü təhsili və tədrisi tətbiq etməkdən ibarətdir. Bu layihənin icra olunduğu müddətdə Avropa İttifaqından Fransa, Litva və Latviyadan ekspertlərin səfərləri baş tutub. Onlar bu sahədə öz ölkələrinin təcrübəsini bizim universitetlərlə bölüşüblər. Hazırda seçilən 15 ixtisas üzrə təhsil proqramlarının hazırlanması istiqamətində iş yekunlaşmaq üzrədir. Bu, layihənin əsas hədəflərindən biridir. Gələcəkdə hazırlanan nümunələr, 15 ixtisas üzrə təhsil proqramları digər ixtisaslar üçün də bir nümunə kimi istifadə olunacaq. 3 prioritet sahə seçilib. Burada pedaqoji sahə, yəni təhsil sahəsi, texniki və ya mühəndislik sahəsi, üçüncü isə təbiət sahəsidir. Hər 3 sahə üzrə 5 ixtisas müəyyən olunub. Layihənin əsas hədəfi səriştə əsaslı ixtisasların hazırlanmasıdır. Bu məqsəd eyni zamanda Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyasında da əsas hədəf olaraq nəzərdə tutulub. Bu Tvinninq layihəsi və bizim strategiya ilə eyni hədəfi müəyyən edib. Bu istiqamətdə də işlər aparılır”.

Layihənin əsas məqsədindən söhbət açan Tvinninq layihəsinin koordinatoru Yelizaveta Bdanova deyib ki, məqsəd Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsi və keyfiyyətinin yüksəldilməsinə dəstək göstərmək, o cümlədən Azərbaycan ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da yaxınlaşdırılmasına nail olmaqdır: "Layihə Azərbaycan təhsil sistemini daha da inkişaf etdirməyə hədəflənib. Layihədə kompetensiyaya əsaslanan Boloniya sistemini Azərbaycan təhsilində inkişaf etdirmək əsas prinsiplərdəndir. Hazırda Boloniya prosesi 48 ölkəni əhatə edir. Bu sistemdə əsas məqsəd tələbələrin və müəllimlərin mobilliyini, ali təhsil sistemlərinin rəqabət qabiliyyətini artırmaqdan ibarətdir”. Koordinator qeyd etdi ki, Boloniya prosesi Azərbaycanda çoxdan başlasa da, bu sahədə təkmilləşməyə ehtiyac var: "Artıq ikinci dəfə həyata keçirilən Tvinninq layihəsinin hazırkı məqsədi, həmçinin ayrı-ayrı təhsil proqramlarının keyfiyyətinin təmin olunmasından ibarətdir”. Y.Budanovanın sözlərinə görə, ümumiyyətlə 4 komponentə uyğun həyata keçirilən layihənin əsas məqsədlərindən biri Azərbaycanda ali təhsil sahəsində mövcud olan təhsil proqramlarının Avropa təhsil standartlarına uyğun olaraq səriştə əsaslı və tələbəyönümlü yanaşma əsasında yenidən hazırlanmasıdır: "Digər komponent ali təhsil sistemində tələbəyönümlü yanaşmanın tətbiqi ilə bağlıdır. Azərbaycan ali təhsil sistemində keyfiyyət sisteminin gücləndirilməsi, proqram akkreditasiya sahəsində Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin potensialının yüksəldilməsi, inkişaf etdirilməsi də komponentlərdən biridir. Həmçinin Azərbaycanda ali təhsil sahəsində mövcud qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılması da əsas məqsədlərdəndir”.

Koordinator əlavə edib ki, layihənin məqsədlərindən biri də üç prioritet sahəni əhatə edən 15 təhsil proqramının yazılmasıdır: “Artıq təhsil proqramlarının yeni forması hazırlanır. Hazırda bakalavr pilləsi üzrə tədris proqramları yenilənir. Avropa təcrübəsi üzrə hər universitet təhsil proqramını özü yaradır. Biz Təhsil Nazirliyi ilə bu istiqamətdə müzakirələr aparmışıq. Ola bilər nazirlik gələcəkdə universitetlərə bu baxımdan müstəqillik versin. Biz təlim və tədris prosesində tələbəyönümlü və səriştəli yanaşmanın tərəfdarıyıq. Səriştəli yanaşma o deməkdir ki, məzunların baza bacarıqları əmək bazarının tələblərinə cavab versin. Həmçinin, universitetlər əmək bazarının nümayəndələri ilə əlaqədə olmalı və onların rəylərini nəzərə almalıdırlar. Hazırda təhsilin praktika hissəsinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Tələbələrin məşğulluq imkanları ilə bağlı universitetlərdən tələb olunacaq ki, onlar məzunların məşğulluğunu da izləsinlər. Ancaq hazırda universitetlərin öz məzunlarının məşğulluğu barədə məlumatları yoxdur. Belə bir statistika təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyət daşıyar”.

Qeyd edək ki, Azərbaycan Respublikasında ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsi 2018-ci ildən etibarən icra olunur. Avropa İttifaqı tərəfindən maliyyələşən növbəti layihə 2020-ci ilin aprel ayına qədər davam edəcək.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər:   Tvinninq   Layihə   Təhsil  





Xəbər lenti