Baş Prokuror uşaqların döyülməsi ilə bağlı məsələni nəzarətə götürdü

  09 Dekabr 2019    Oxunub : 2445
 Baş Prokuror uşaqların döyülməsi ilə bağlı məsələni nəzarətə götürdü
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" səhifəsində məlumat yayıb. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb.

Məlumata görə, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.

Azvision.az

Teqlər: Baş-Prokuror