Çoban itləri sərhədçilərə hücum edib - Yaralanan var

  11 Dekabr 2019    Oxunub : 3719
 Çoban itləri sərhədçilərə hücum edib - Yaralanan var
Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.
Dövlət Sərhəd Xidmətindən Azvision.az -a verilən məlumata görə, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub.

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir.

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Azvision.az

Teqlər: Sərhəd   DSX