Nazirlik jurnalistləri Biləsuvar və Masallıya apardı - FOTOLAR

Nazirlik jurnalistləri Biləsuvar və Masallıya apardı -  FOTOLAR
  11 Dekabr 2019    Oxunub:2846
Dekabrın 11-də Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edilib.
Azvision.az xəbər verir ki, mediaturun məqsədi sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqdır. Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edirlər.

Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar. Bildirilib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb.

Hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Daha sonra mediatur iştirakçıları sözügedən məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika və VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar.

Qeyd olunub ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

Mediatur Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərdə yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqla davam edir.







Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti