İki ildə Aqrar Sığorta Fonduna 8 milyon manat ayrılacaq

   İki ildə Aqrar Sığorta Fonduna 8 milyon manat ayrılacaq
  14 Dekabr 2019    Oxunub:2386
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır.

Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

“Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmana əsasən yaradılıb.

Azvision.az


Teqlər: NazirlərKabineti   AqrarSığortaFondu   Nizamnamə  





Xəbər lenti