Senatın “soyqırım” qərarı: Məqsəd nədir? - ŞƏRH

Senatın “soyqırım” qərarı:  Məqsəd nədir? - ŞƏRH
  14 Dekabr 2019    Oxunub:3042
Niyə ABŞ maraqlıdır ki, “Daşnaksütyun” kimi terrorçu təşkilatın baş qərargahı bu ölkədə olsun?
Ötən gün ABŞ Senatında qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsi qəbul edilib. Türkiyənin Xarici İşlər Nazirliyi cavab olaraq bəyan edib ki, ABŞ Senatının “erməni soyqırımı"nı təsdiqləyən qətnamə layihəsini qəbul etməsi tarixin siyasiləşməsinin utancverici nümunəsidir. Həmçinin vurğulanıb ki, Senatın qərarı Türkiyə-Amerika əlaqələrini inkişaf etdirmək səylərinə zərbə vuran təxribat xarakterli cəhddir.

Məsələ ilə bağlı politoloq Sahil İskəndərov Azvision.az-a bildirib ki, qətnamənin qəbulu xoşagələn hal deyil və Türkiyə üçün ciddi təhdidir.

“İstər rəsmi Ankara, istər Türkiyənin dostları, o cümlədən Azərbaycan qətnamənin qəbulunun qanuni olmadığını, eyni zamanda Türkiyəyə sanksiya tətbiq edilməsi məsələsini gündəmə gətirmədiyini vurğulasa da, düşünürəm ki, bu, Türkiyə üçün ciddi təhdiddir. Təsadüfi deyil ki, ermənilər qondarma “soyqırım”ı məhz ABŞ tərəfindən tanınmasına çalışırdılar. Çünki ABŞ fövqəl gücdür və beynəlxalq Haaqa məhkəməsinə birbaşa təzyiq imkanı var. Bax, məsələ budur. Narahatedici məqam odur ki, dünyanın fövqəl gücü “soyqırım”ı tanıyıbsa, bu addım beynəlxalq Haaqa məhkəməsi üçün yandırılan yaşıl işıqdır”, - deyə S.İskəndərov vurğulayıb.



O, əlavə edib ki, Konqresin nüfuzu çox güclüdür və gələcəkdə ABŞ prezidentini məcbur edə bilər ki, həmin sənədi imzalasın: “Bildirilir ki, bu, “Ağ ev”in rəsmi mövqeyi deyil. Amma Konqresin hər iki palatası qətnaməni qəbul edib. Ola bilsin, gələcəkdə ABŞ prezidentini də məcbur edə bilər ki, onu imzalasın. Bax, bu zaman Türkiyənin aqibəti çox pis ola bilər”.

Politoloq qeyd edib ki, əslində ABŞ bununla Türkiyəni cəzalandırmaq istəyir: “Amerikalı alimlərin bəyanatları olub ki, tarixi faktları siyasi təzyiq alətinə çevirmək olmaz. Digər tərəfdən həmin o “tarixi faktlar”ın nə dərəcədə doğru olması sual altındadır. Əgər konqresmenlərin belə bir qətnamə qəbul etmədən öncə maraqları olsaydı, tarixi faktların açılmasına və onlara qiymət verilməsinə çalışardılar. Hesab edirəm ki, bu işə ən yaxşı işıq sala biləcək məsələ “Daşnaksütyun” partiyasının ABŞ-dakı arxivinin açılmasıdır. “Daşnaksütyun” bunu birmənalı şəkildə rədd edir. Niyə ABŞ maraqlıdır ki, “Daşnaksütyun” kimi terrorçu təşkilatın baş qərargahı bu ölkədə olsun? Niyə ABŞ təzyiq göstyərib, arxivləri açdırmır? Qərəzlilik buradan yaranır”.

S.İskəndərovun fikrincə, Türkiyənin Suriyada müstəqil hərəkətləri, Rusiya ilə yaxınlaşması konkret olaraq ABŞ-ı narahat edir.

“NATO-nun son sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı mövqe ortaya qoydu. Qətnamənin qəbulu birbaşa Türkiyəni cəzalandırma məqsədi daşıyır. Türkiyə nə üçün Rusiyadan S-400 aldı? Çünki neçə illərdir Qərb Türkiyənin başını aldatmaqla məşğul idi. Türkiyənin terrorizmlə mübarizəsinə dəstək vermirdi. Bildirilirdi ki, "Patriot" verəcəyik. Amma bir ədəd belə verilmədi. Çünki həmin raket sistemlərini Suriya ilə sərhəddə, terrorçulara qarşı yerləşdirmək lazım idi. ABŞ kürd terrorçuları dəstəklədiyinə görə, Türkiyəyə "Patriot"lar verilmədi. Bu məsələni Rusiya vasitəsilə həll etdikdə, Türkiyə belə yolla cəzalandırıldı. Əgər elədirsə, ilk olaraq Yunanıstanı cəzalandırın. S-300-lər ilk olaraq bu ölkədə yerləşdirilmişdi. Qarşıya qoyulan hədəf türk və islam dünyasının qüdrətli dövləti kimi Türkiyəni məhv etməkdir. Bu gün ABŞ Pakistana nüvə silahı yaratmağa imkan verdiyinə görə peşmandır. İndiki dövrdə Türkiyə ilə bağlı peşmançılıq yaşamamaq üçün onu cəzalandırırlar”.

Politoloq hesab edir ki, təəssüf doğuran məqamlardan biri də yəhudi lobbisinin tutduğu mövqedir: “Yəhudi lobbisi indiyə qədər bu qətnamənin qəbul olunmasını əngəlləyirdi. İndi bu məsələdə yəhudi lobbisinin erməni diasporunun yedəyində getməsi son nəticədə onların özü üçün ağır nəticələr verəcək. Yəhidi lobbisi Suriya məsələsinə görə Türkiyəyə qəzəblidir. Onlar bir məsələni yaddan çıxarmamalıdır ki, Avropada yəhudilərə basqılar olanda onlara qucaq açan Türkiyə olub. Bəlkə də Türkiyə yəhudilər üçün İsraildən də doğma dövlət olub. Digər bir məsələ erməni diasporu yəhudi lobbisinə qarşı çox ciddi mübarizə aparır. Bundan onların da xəbəri var. İndi yəhudi lobbisi Türkiyəni cəzalandırmaq üçün buna gedib. Bu isə təəssüfedicidir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti