Gəmilərin inşa edildiyi zavodda bir gün - REPORTAJ (FOTOLAR)

  16 Dekabr 2019    Oxunub : 5478
Gəmilərin inşa edildiyi zavodda bir gün - REPORTAJ (FOTOLAR)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC-yə mediatur təşkil olunub.

Azvision.az xəbər verir ki, mediatur zamanı jurnalistlər ASCO-nun sifarişi əsasında zavodda inşa olunan “Laçın” adlı ilk tankerə baxış keçiriblər.


Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tipli daha üç tankerin tikintisi aparılır. Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan "Ro Pax" tipli “Azərbaycan” bərə-gəmisi ilə tanış olublar.



M.Mehdiyev qeyd edib ki, bu gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək.



“Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb. Unikal "Ro Pax" tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb”.

Həmçinin, qeyd edilib ki, “Azərbaycan” bərə-gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə-gəmi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər dənizindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.



Media nümayəndələrinə məlumat verilib ki, son illər ölkədə nəqliyyat-logistika və tranzit yükdaşımaları sahəsinin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən irimiqyaslı layihər və vacib islahatlar həyata keçirilir. Bu tədbirlər nəticəsində nəqliyyat-logistika və tranzit yükdaşımaların ən önəmli sahələrindən olan gəmiçilikdə də müsbət nəticələr əldə edilib.



Təkcə son 6 ildə ASCO tərəfindən 20 gəmi alınıb. ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədi ilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma Zavodunun imkanlarından geniş istifadə edir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə 1 liman-yedək və 3 sərnişin gəmisi tikilərək təhvil verilib.

Bundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan 2 ədəd "Ro Pax" bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən 2 ədəd tankerin inşası üzrə ASCO ilə zavod arasında müqavilə imzalanıb. 2019-cu ilin fevralında daha 2 ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı Gəmiqayırma Zavoduna sifariş verilib. Bu gəmilərin tikintisinin 70%-i ASCO-nun mənfəəti, digər 30%-i isə dövlət investisiyası hesabına maliyyələşir.



Bununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri də var.































Aytən Zəhra
Foto Şahin Sərdərov

Azvision.az

Teqlər: ASCO   Gəmi   Tanker