Müsavatda namizədlik davası - “Meydan TV”-ni də ittiham etdilər

  18 Dekabr 2019    Oxunub : 3083
 Müsavatda namizədlik davası - “Meydan TV”-ni də ittiham etdilər
Müsavat partiyasında başqan Arif Hacılı və sabiq müavini Yadigar Sadıqlı arasında söz dueli davam edir. Belə ki, hazırkı başqanın partiya idarəçiliyindən narazı olan Y.Sadıqlı növbədənkar parlament seçkilərində Müsavatdan kənar seçkidə iştirak qərarı verib və 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Y.Sadıqlı qərarını belə izah edib: "Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər".

Məsələyə münasibət bildirən Müsavatın başqan müavini Səxavət Soltanlı deyib ki, partiya seçkilərdə iştirak haqqında qərar verdiyi Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət edib: "Həmin müraciətdə bildirmişdi ki, kim hansı dairədən namizəd olmaq istəyirsə, partiyaya bildirsin. Kim ki, müraciət edib, müzakirə edilib. Yadigar Sadıqlı isə partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizlin şəkildə namizədlik verib. Partiya sona qədər onun qərarını gözləyib ki, Yadigar Sadıqlı fikirləşib bir qərar versin.(Sosial şəbəkədə bildirmişdi ki, maddi problemlərlə bağlı qərarını qətiləşdirməyib. Maddi dəstək taparsa, 73 saylı dairədən namizəd olacaq) Partiya da bu fikirləşmənin bitməsini sonsuza qədər gözləyə bilməzdi.

Partiya başqanı elan etmişdi ki, dekabrın 14-ü namizədlər açıqlanacaq. Bununla belə, bu açıqlamanı 2 gün də ertələdi. Bu müddət ərzində Yadigar Sadıqlı seçki işinə rəhbərlik edən Gülağa Aslanlıya heç bir müraciət etməyib. Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub".

S.Soltanlı, həmçinin bildirib ki, Müsavat üzvü partiyaya müraciət etmədən namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə, yenə də onları borclu çıxarmağa çalışır: "Namizəd olacağını sosial şəbəkədə elan etsəydi, partiya onu rəsmən dəstəkləyəcəkdi. Yadigar Sadıqlı əmin olsaydı ki, müraciət etsə, partiya onu dəstəkləməz, mütləq ictimai qaydada bu müraciətini edər, ən azı seçkidə iştirak edəcəyi haqqında şəbəkədə elan verərdi. Müraciətindən sonra partiya onu dəstəkləməsəydi, bundan növbəti şou düzəldərdi. O zaman haqlı da olardı".

S.Soltanlı bu məsələdə tutduğu mövqeyə görə "Meydan TV"-ni də ittiham edib: "Bu dərəcədə riyakarlığı insanlar necə bacara bilir? Partiyadan və ictimaiyyətdən gizli şəkildə namizəd olan şəxsin adının partiyanın siyahısında olmamasına görə, Müsavatı ittiham edən Həbib Müntəzir, Yadigar Sadıqlının adı siyahıya salınmadı deyib, verliş hazırlayan "Meydan tv" hansı məntiqlə belə təqdimat verə bilir? Elementar məntiqi təfəkkürü olan hər hansı şəxs bu duruma görə nəinki Müsavat Partiyasını ittiham etməməli, belə duruma görə gizlin, partiyadan və cəmiyyətdən oğurluq hərəkət edən şəxsi ən sərt formada qınamalı və məntiqli suallara qonaq etməli idi".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müsavat   Partiya   Seçki   Parlament   Qalmaqal