Baş prokurorun müavini beynəlxalq tədbirdə iştirak edib - FOTOLAR

  18 Dekabr 2019    Oxunub : 2310
Baş prokurorun müavini beynəlxalq tədbirdə iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini gücləndirməklə yanaşı, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsini daim diqqətdə saxlayır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 8-ci Sessiyası başlayıb.

Ayrı-ayrı ölkələrin dövlət rəsmilərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin qatıldığı tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilib tədbirlər, reallaşdırılan islahatlar və ortaya çıxan problemlər müzakirə edilib.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Prokurorluğunun, Xarici İşlər və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Konfransda çıxış edən Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizənin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tərəqqi strategiyasının mühüm hissəsini təşkil etdiyini, aşkarlıq və şəffaflıq prinsiplərinin ölkəmizin iqtisadi-sosial inkişaf siyasətinin mərkəzində durduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, korrupsiyanın qarşısının alınmasında “ASAN Xidmət” modeli, bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə geniş məlumat verərək, Azərbaycanın BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası ilə bağlı I mərhələni yüksək nəticələrlə tamamlamasını, hazırda isə II icmal mərhələsinin uğurla davam etdirildiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatı adından çıxış edərək Hərəkat üzvlərinin korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına verdiyi önəm, korrupsiyanın təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunmasına mənfi təsiri, eləcə də innovativ yanaşmalar və texnoloji yeniliklərdən istifadə ilə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Tunisin Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidmətinin rəisi Çavki Təbibin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilən, cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu sahədə səylərin birləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Tunis Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti ilə Beynəlxalq Anti-Korrupsiya Akademiyasının icraçı direktoru xanım Kristian Pohn-Hufnaglın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycanın təşkilatın ən aktiv üzvlərindən olduğunu məmnunluqla qeyd edən xanım Pohn-Hufnagl, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Kamran Əliyev öz növbəsində Azərbaycanın qurumun akademik proqramlarında geniş təmsil olunduğunu, bunun əməkdaşların peşəkarlığının artırılmasında mühüm rol oynadığını bildirib. Görüşdə həmçinin Akademiyanın Anti-Korrupsiya Təlimləri üzrə Magistr proqramının növbəti modulunun 2020-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsinə dair müvafiq sənəd imzalanıb.

Bununla yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil edilən müxtəlif iclas və panellərə qatılaraq müzakirələrdə fəal iştirak ediblər. Konfransda Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası, Ukrayna, İtaliya, Monqolustan, Belçika Krallığı, Malaziya və digər ölkələrin, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılan, iştirakçılara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak ediblər.




Azvision.az

Teqlər: Baş-Prokurorluq