“Bəzi hallarda tənqidlərə səbəb olur” - Nazirdən təhsillə bağlı açıqlama

 “Bəzi hallarda tənqidlərə səbəb olur” -  Nazirdən təhsillə bağlı açıqlama
  18 Dekabr 2019    Oxunub:2142
"Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu, bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması həmin qiymətləndirmələrdə iştirak etməmək üçün əsas kimi gətirilə bilməz".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrdə bütün ölkələr iştirak etmir.

"Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər. Bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada cəsarət tələb edir. Hesab edirik ki, həmin beynəlxalq qiymətləndirmələrin nəticələri sıralamasında hansı yeri tutmağımızdan daha vacibi həmin yerin tutulmasının analitik təhlilidir. Buna səbəb olan təhsil amilləri barədə ölkəyə təqdim edilən çox geniş materiallardır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".

Nazir qeyd edib ki, əsas məqamlardan biri də milli qiymətləndirmə ilə beynəlxalq qiymətləndirmə standartları arasında olan fərqlərdir: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunu Azərbaycanda təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsilnaziri   CeyhunBayramov  





Xəbər lenti