“ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alındı - FOTO

“ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alındı -  FOTO
  19 Dekabr 2019    Oxunub:7257
“ASAN xidmət”ə 35 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Azvision.az xəbər verir ki, bu müraciət 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə Ziya İslamov və Leyla İslamova tərəfindən edilib. Onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətindən yararlanıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslamovlar ailəsini bu münasibətlə təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırıb.



Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, artıq "ASAN xidmət" 7 ilə yaxındır fəaliyyət göstərir: ""ASAN xidmət"dən ilk xidmət alan Prezident İlham Əliyev olub. Bu xidmət dövlət başçısının təşəbbüsü ilə yaradılıb. Ölkə əhalisinin sayı artıq 10 milyonu ötüb və onlardan da burada xidmət ala bilən təxminən 7-8 milyon vətəndaşdır. Əhali tərəfindən 35 milyonuncu müraciətin qeydə alınması o deməkdir ki, hər bir vətəndaş ən azı 4-5 dəfə "ASAN Xidmət"dən yararlanıb. Bu dövrdə vətəndaş məmnunluğu 99,4 faiz olub".



Qeyd edək ki, hazırda 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti