Bakının 12 rayonunda 267 km yol təmir edilib - FOTOLAR
Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlanma işləri aparılıb. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Hazırda prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında qəsəbədaxili küçə və yolların təmiri işlər davam etdirilir. İlin sonuna qədər təmir olunacaq küçə və yolların uzunluğu 300 km-ə çatdırılacaq. Ümumilikdə isə bu çərçivədə tərtib olunmuş qrafikə uyğun, 2023-cü ilə qədər Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 km yolun təmiri nəzərdə tutulur.
Azvision.az
Teqlər: AAYDA