Ağstafanın icra başçısı və müavini saxlanıldı - Yenilənib

Ağstafanın icra başçısı və müavini saxlanıldı -  Yenilənib
  19 Dekabr 2019    Oxunub:11971
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanılıb.

Azvision.az xəbər verir ki, onların saxlanılması ilə bağlı əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DXT) tərəfindən həyata keçirilib. İcra başçısı və müavininin hansı səbəbdən tutulduğu barədə hələlik rəsmi məlumat verilməyib.
Gün ərzində rəsmi açıqlama veriləcəyi gözlənilir. Hazırda onların mənzillərində axtarış aparıldığı bildirilir.

Qeyd edək ki, Quliyev Nizaməddin Məhəmməd oğlu 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

N.Quliyev dövlət başçısının 05.04.2019-ci il tarixli sərəncamı ilə Ağstafa Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Azvision.az


Teqlər: Ağstafa   Həbs  





Xəbər lenti