Hər il 9 milyona yaxın insan xərçəngdən ölür

 Hər il 9 milyona yaxın insan xərçəngdən ölür
  19 Dekabr 2019    Oxunub:6284
"2018-ci ildə qeydiyyata alınan onkoloji xəstələrin sayı 49 mindən çox olub. Həmin il ölkədə 9 milyon 960 minə yaxın əhalinin olmasını nəzərə alsaq, bu, elə də böyük rəqəm deyil".
Azvision.az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda deyib.

O bildirib ki, 2014-cü ildə Azərbaycanda onkoloji xəstələrin sayı 38 minə yaxın olub: "İllər ərzində əhalinin sayı artdıqca, xəstə sayı da artır".

Baş həkim qeyd edib ki, müasir dərman preparatlarının, diaqnostikanın tətbiqi onkoloji xəstələrdə müsbət mənada öz təsiri göstərir: "Bunlar xəstələrin uzunömürlülüyünə gətirib çıxarır. 5 il və daha çox yaşayan onkoloji xəstələrin sayı 2018-ci ildə 18 641 nəfər olub. 2013-2018- ci illərdə 32 rayonda əhali arasında profilaktik baxış keçirilib. Baxış nəticəsində 32289 nəfər müayinə olunub. 982 nəfərdə onkoloji xəstəlik aşkarlanıb".



Baş onkoloq bildirib ki, dünyada onkoloji xəstələrin sayı artmaqdadır: "Hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır. 8.8 milyon onkoloji xəstə dünyasını dəyişir. Bu, nəzəri deyilən rəqəmdir. 2030-cu ilə qədər yeni xəstə sayının 24 milyona çatacağı bildirilir. Bu göstəricilər Avropadan da yan keçməyib. Avropa ölkələrində 3 milyon 700 min onkoloji yeni xəstə qeydə alınıb. Onlardan hər il 2 milyona yaxın onkoloji xəstə dünyasını dəyişir".

A.Kərimli, həmçinin əlavə edib ki, onkoloji xəstəliklərə düçar olanların sayı ölkəmizdə də ilbəil artır: "Bu cür xəstəliklər səhiyyə xərclərinin mühüm hissəsini tutmaqla yanaşı, onların sosial psixoloji və emosional yükü digər xəstəliklərdən daha ağır və mürəkkəbdir. Ölkədə onkoloji xəstələrin sayının artdığını deyib, insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada qrafik göstəricilər, yəni əhalinin sayı nəzərə alınmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xərçəng   Xəstəlik  





Xəbər lenti