Diqqətli olun! - Bu xəstəlik hər il 18 milyon insanı öldürür

  19 Dekabr 2019    Oxunub : 2309
 Diqqətli olun! - Bu xəstəlik hər il 18 milyon insanı öldürür
"Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən, ürək qan-damar xəstəlikləri səbəbindən hər il dünyada 18 milyon insan ölür".
Azvision.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Rafail Daşdəmirov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölüm hallarının 85 faizi aşağı və gəliri az olan ölkələrin payına düşür: "Avropa regionunda ölüm hallarının 49 faizinin səbəbi ürək-damar xəstəlikləridir. Ölüm halı 50 faiz ürəyin işemik xəstəliyi, üçdə bir halda isə beyin insultu səbəbindən olur. Rusiyada da ölüm faizi yüksəkdir".

Direktor müavini əlavə edib ki, ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəliklər var. Bunlar ürək-damar, onkoloji, şəkərli diabet və ağciyərlərin xroniki xəstəlikləridir: "Qeyri-infeksion xəstəliklərin riski tütün çəkmə, qeyri-sağlam qidalanma, qeyri-aktiv həyat tərzidir. Tədqiqatların nəticəsinə görə, əhali arasında yüksək qan təzyiqi geniş yayılıb. Eləcə də artıq çəki, piylənmə halları da var. Dünyada 1,9 milyon insanda piylənmə gedir. Yarım milyard insan isə artıq çəkidən əziyyət çəkir. Qadınlar arasında piylənmə daha çoxdur".

Professor vurğulayıb ki, tütünçəkməyə kişilər arasında daha çox rast gəlinir: "Hər il 6 milyon insan məhz tütünçəkmədən ölür. Bunun 5,4 milyonu aktiv siqaret çəkənlərdir".

R.Daşdəmirovun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət o qədər qənaətbəxş deyil: "Son 10 ildə ölkəmizdə qan dövranı xəstəlikləri 5 faiz, tənəffüs orqanları xəstəlikləri 11 faiz, sinir sistemi xəstəlikləri 15 faiz, o cümlədən, şəkərli diabet 3,7 dəfə artıb. Azərbaycanda xəstələnmə və ölüm hallarının artmasının səbəbləri qeyri-infeksion xəstəlikləridir. Ürək-damar xəstəliklərinin artmasına əsasən, yüksək təzyiq, yaş faktoru təsir edir. Kişilərdə 40 yaşından yuxarı, qadınlarda isə 50 yaşından yuxarı psixi emosional yüklənmə, irsi meyillilik, şəkərli diabet, piylənmə, tütündən istifadə risk faktorudur.

Bundan əlavə, dünyada alkaqollu içkilərdən istifadə nəticəsində 3.3 milyon ölüm hadisələrinin yarısı məhz qeyri-infeksion xəstəliklərin payına düşür: Belə ki, 3.2 milyon insan fiziki passivlik, artıq bədən çəkisindən, 1.7 milyon insan meyvədən az istifadə səbəbindən dünyasını dəyişib".

Aytən Zəhra
Azvision.az

Teqlər: Xəstəlik