“Pambıqçılıq ənənələri əvvəlki şöhrətini bərpa edir” - İnam Kərimov

  20 Dekabr 2019    Oxunub : 2010
 “Pambıqçılıq ənənələri əvvəlki şöhrətini bərpa edir” - İnam Kərimov
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri son illər yüksək templə inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə söyləyib.

Nazir qeyd edib ki, 2018-ci ildə xam pambığın fermerlərdən alış qiyməti hər ton üçün 150 manat artırılaraq 650 manata çatıb. Fermer satdığı hər ton xam pambığa görə dövlətdən 100 manat subsidiya alır. İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb.

Fermerlərə satılan pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 5 dəfə artırılaraq hər hektara görə 50 manata, mineral gübrələrin dəyərinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi isə 50 faiz artırılaraq hər hektara görə 150 manata çatdırılıb. “Aqrolizinq” ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə güzəştli şərtlərlə dəstək göstərilib, gübrələrin səyyar formada yerlərdə və sahələrdə satışı həyata keçirilib. Bütünlükdə kənd təsərrüfatı texnikalarının alınmasına 40 faiz güzəşt tətbiq olunub. Ümumiyyətlə, ölkəmiz pambıqçılığın inkişafına göstərdiyi dəstəyə görə dünya üzrə aparıcı dövlətlərdən biridir.

Bu il pambığın kombaynla yığılmasına üstünlük verildiyini bildirən nazir qeyd edib ki, tədarük olunan məhsulun 87 faizi texnika ilə toplanılıb. 2018-ci ildə Ağdam, BeyləqanZərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik zavod istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda tamamlanma işləri getməkdədir.

İnam Kərimov deyib: “Möhtərəm cənab Prezident, Sizin qarşımızda qoyduğunuz əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. 2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb. Bu rəqəmlər bir daha sübut edir ki, torpaq sahələri düzgün seçildiyi, aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl olunduğu təqdirdə ölkədə orta hesabla hər hektardan 30 sentnerdən çox pambığın istehsalı üçün potensial imkan mövcuddur”.

İnnovativ texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə nümunəvi təsərrüfatların yaradılmasına başlanıldığını da diqqətə çatdıran Kənd Təsərrüftı naziri bildirib ki, Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub. Gələn il pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər.

Qeyd olunub ki, 2019-cu ildə istehsal edilmiş 294 min ton xam pambıqdan respublikanın pambıq emalı zavodları tərəfindən 114 min ton mahlıc istehsalı gözlənilir.

Nazir onu da bildirib ki, qlobal çağırışlara uyğun olaraq, dəyər zənciri üzrə daha çox əlavə dəyərin yaradılmasına nail olmaq və daxili tələbatı yerli istehsal hesabına təmin etmək məqsədilə yeni iplik fabriklərinin və toxuculuq kombinatlarının tikilməsinin dəstəklənməsinə, pambıqçılıq sahəsində son məhsulun ixracının stimullaşdırılmasına ehtiyac var. Pambıqçılığın inkişafı istiqamətində kadr potensialının gücləndirilməsi də diqqət mərkəzindədir və növbəti illərdə də bu tədbirlər davam etdiriləcək.

“Yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcəkdir”, - deyən İnam Kərimov bildirib ki, Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək. 2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: İnam-Kərimov