Nazir ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib

Nazir ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib
  21 Dekabr 2019    Oxunub:2532
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 20-də Ədliyyə naziri Fikrət Məmmədov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Naftalan şəhərində, Goranboy və Tərtər rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Naftalan şəhərində abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qaldırılan digər məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgələrdə yerli sakinlərin qəbulu və müraciətlərinə baxılması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir ədliyyə orqanlarının və məhkəmənin işi ilə tanış olub, yerli və ətraf rayonların ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə çıxış edən nazir Prezident İlham Əliyevin ədliyyə və məhkəmə üçün mühüm “Yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs edərək çoxsaylı qanun layihələrinin hazırlanaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu günlərdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi, özəl məhkəmə ekspertizası institutunun yaradılması ilə bağlı mühüm qanunların qəbul olunduğunu vurğulayıb.

Bildirilib ki, yeni Qanunla ekspertizanın alternativ mexanizmləri kimi bu fəaliyyətin bəzi istisnalarla özəl məhkəmə ekspertləri tərəfindən, həmçinin elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq, akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında və özəl hüquqi şəxslərdə də həyata keçirilməsinin mümkünlüyü, bu fəaliyyətlə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilib.

Eyni zamanda, həmin şəxslərin Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan icbari təlimə cəlb edilməsi, dövlət və ya özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsinin və ya ləğv edilərək fəaliyyətə xitam verilməsinin əsasları, ekspertlərin attestasiyasının keçirilməsi, onlara ixtisas dərəcələrinin verilməsi qaydaları təsbit olunub.

Fərmanın icrası çərçivəsində, həmçinin İnzibati Xətalar, Mülki və İnzibati Prosessual məcəllələrində, habelə “İnzibati icraat haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara edilmiş dəyişikliklər ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsinə, məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsinə xidmət edib.

Cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyan bu mütərəqqi yeniliklərin, o cümlədən Azərbaycanda ilk dəfə özəl ekspertiza institutunun yaradılmasının bu sahədə mühüm addım olduğu vurğulanıb, ekspertiza fəaliyyətinin səmərəliliyinin artırılmasına, vətəndaşlara daha keyfiyyətli və əlçatan hüquqi xidmətlərin göstərilməsinə, insanların məmnunluğunun yüksəldilməsinə xidmət etdiyi bildirilib.

Müşavirədə qarşıda duran vəzifələrin, o cümlədən qanunvericiliyin yeni müddəalarının dürüst və vaxtında icrasının təmin olunması, onların mahiyyətinin dərindən öyrənilməsi və düzgün tətbiqi qeyd olunub.

Eyni zamanda, tədbirdə dövlətimizin başçısının dekabrın 19-da keçirdiyi müşavirədə şəffaflığın təmin olunması, dövlətə və xalqa, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı tələblərini xüsusilə diqqətə çatdıraraq insanlara daim qayğı və həssaslıqla yanaşılmasını, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasını vurğulayıb, etik davranış qaydalarına dönmədən əməl olunmasının, sui-istifadə hallarının və korrupsiyanın yolverilməzliyinin ən ümdə vəzifə olduğunu söyləyib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Naftalan   Müşavirə  





Xəbər lenti