“İcra başçılarının həbsi digərlərinə də dərs olmalıdır” - Deputatlar

 “İcra başçılarının həbsi digərlərinə də dərs olmalıdır” -  Deputatlar
  21 Dekabr 2019    Oxunub:5185
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurması, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
Noyabrın 19-da keçirilmiş əməliyyatlar nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, həmçinin 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov saxlanılıb. Adları şəkilən şəxslərin həbs olunması Azərbaycanda geniş müzakirələrə səbəb olub, korrupsiyaya bulaşmış vəzifəli şəxslərin cəzalandırılması müsbət addım kimi qiymətləndirilib.



Məsələ ilə bağlı deputat Vahid Əhmədov Azvision.aza bildirib ki, öz yerində olmayan, istər nazir, istər icra başçısı, istərsə də komitə sədri vəzifəsi ilə vidalaşmalıdır.

“Ölkə başçısı pambıqçılıqla bağlı müşavirədə qeyd etdi ki, bu, yalnız işdən çıxarılma ilə qurtarmayacaq, digər məsələlər də öz həllini tapacaq. Yəni inzibati qaydada müəyyən tədbirlər həyata keçiriləcək. Ona görə vəzifə sahibləri bunu başa düşməli, nəticə çıxarmalıdırlar”.

Azərbaycanda ciddi siyasi, iqtisadi proseslərin getdiyini deyən deputatın sözlərinə görə, ölkəmizdə faktiki olaraq sistem dəyişikliyi baş verir. O deyib ki, demokratiyanın daha da uğurlu həyata keçirilməsi üçün belə addımların atılması müsbət haldır: “2018-ci ildə prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev ciddi islahatlara start verib. Prezident öz çıxışlarında açıq şəkildə mesajlar verir ki, əvvəlki dönəmi yaddan çıxarmaq lazımdır. Azərbaycan yeni dönəmə daxil olub. Ona görə də neqativ halların qarşısı alınmalıdır. Amma bəzi rəhbərlər bu mesajları başa düşmək istəmirlər, ya da qulaq ardına vururlar”.



V.Əhmədov əlavə edib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön planda durur. Bu mənada korrupsiyaya yol verən məmurların işdən çıxarılması və həbsi davam etdiriləcək.

“Kadr islahatlarının əsas məqsədi müəyyən qədər bu məsələni aradan qaldırmaqdan ibarətdir. Yəni cavan kadrların təyin edilməsi, bəzi strukturların ləğv edilməsi və ya birləşdirilməsi, Prezident Administrasiyasında, Nazirlər Kabinetindəki dəyişikliklər, Milli Məclisin yenidən seçilməsi və s. əhaliyə və cəmiyyətə bir mesaj idi ki, artıq yeni dövr başlayır. Bunu bəzi insanlar başa düşmək istəmir. Əvvəlki tərzdə hərəkət etmək istəyirlər və rüşvətxorluğa, korrupsiyaya yol verirlər. Hər bir insan anlamalıdır ki, rüşvət və korrupsiyaya son qoyulmalıdır, insan öz zəhməti ilə dolanmalıdır. Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva sosial müdafiəyə daha çox diqqət yetirir, işləməyən əhali üçün dövlət büdcəsindən əlavə vəsaitlər ayrılır. Vətəndaşların vəsaitini götürüb, kartlarını istifadə etmək nə qədər insanlığa layiq hərəkətdir? Bu cür hallara yol verənlərə qarşı mübarizə davamlı olacaq. Əgər bu istiqamətdə mesajlar verilibsə, strateji xətt müəyyən edilibsə, siyasi iradə ortaya qoyulubsa, mütləq şəkildə davamlı olmalıdır", - deyə V.Əhmədov vurğulayıb.



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, hər kəs ölkə başçısının xəbərdarlığından nəticə çıxarmalı, pis əməllərdən çəkinməlidir.

“Prezident İlham Əliyev 2018-ci ilin aprelindən sonra keçirdiyi görüşlərin və söylədiyi nitqlərin hər birində rüşvətxorluq və korrupsiyaya qarşı barışmaz mübarizə aparılacağını önə çəkib. Hətta dövlət başçısı son vaxtlar ayrı-ayrı vəzifələrə təyin etdiyi məmurlara tapşırıqlar verərkən, onları şəffaf və təmiz işləməyə, rüşvətxorluq və korrupsiyadan uzaq olmağa, eyni zamanda sahibkarları incitməməyə çağırıb. Buna əməl etməyənləri işdən çıxarmaqla kifayətlənməyəcəyini və onların cəzalandırılacağını bildiriib. Bu, təkcə icra başçılarına deyil, bütün məmurlara ünvanlanmış ciddi mesajdır. Təəssüflər olsun ki, yeni çağırışlara cavab verməyən məmurlar yenə öz əməllərindən çəkinmirlər. Onların köhnə əməllərlə məşğul olması, rüşvətxorluğa, korrupsiyaya qurşanmaları Prezidentin həyata keçirdiyi islahatlara ziddir”.

F.Ağamalı hesab edir ki, korrupsiyaya yol verən məmurlar göz altına alınmalı, ciddi şəkildə cəzalandırılmalıdır.

"Ölkə başçısının vətəndaşları incidən, onların haqqını tapdalayan məmurlara qarşı mübarizəsi davamlı olacaq. Xalqın haqqını tapdayan, onun malını-mülkünü əlinə keçirən, torpaqları özünün və qohumunun adına yazdıran icra başçılarını həbs cəzası gözləyir. Bunu artıq hamı başa düşməlidir. İcra başçılarının həbsi digərlərinə də dərs olmalıdır. Əminəm ki, atılan addımlar davamlı olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İcra-Başçısı   Həbs   Deputat  





Xəbər lenti