Elmar Məmmədyarov gürcü spikerlə görüşüb

  23 Dekabr 2019    Oxunub : 1207
Elmar Məmmədyarov gürcü spikerlə görüşüb
Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan parlamentləri arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib və əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin üçtərəfli görüşün uğurla heyata keçirildiyi, bu görüş çərçivəsində fəaliyyət planı və Tbilisi bəyannaməsinin qəbul olunduğu, habelə bəyannamədə enerji, nəqliyyat və s. sahələrlə yanaşı, ilk dəfə olaraq ərzaq təhlükəsizliyi ilə də bağlı məsələlərin öz əksini tabdığı vurğulandı və bunun üçtərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsinin göstəricisi olduğu bildirildi.

Hər üç ölkənin dövlət başçıları, xüsusilə də Heydər Əliyevin təşəbbüsü ilə hayata keçirilmiş Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyəti vurğulandı. Bu boru kəmərinin nəinki ölkələrin iqtisadi və sosial inkişafını, həm də ölkələrin suverenliyi və müstəqilliyinin gücləndirilməsində, habelə sonradan həyata keçirilməsi nəzərdə tutulan üçtərəfli layihələrin reallaşmasında mühüm rol oynadığı bildirildi.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən tərəflər ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladılar. Bu xüsusda, nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Azvision.az

Teqlər: XİN   Məmmədyarov