“Qarşıda böyük məsuliyyət və vəzifə dayanır” - Əli Əhmədov

  23 Dekabr 2019    Oxunub : 1360
 “Qarşıda böyük məsuliyyət və vəzifə dayanır” - Əli Əhmədov
Bələdiyyə seçkiləri başa çatdı. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin səslərinin çoxunu qazanaraq yenə də seçkilərin qalibi ola biləcək. Bu inam hər şeydən əvvəl ölkədə uğurla həyata keçirilən Prezident İlham Əliyevin siyasətinə və onun hamı tərəfindən yüksək qiymətləndirilən nəticələrinə əsaslanır. Azərbaycanın böyüyən iqtisadiyyatı, insanların artan rifahı, şəhərlərin və kəndlərin dəyişən və müasirləşən siması, insanlara rahatlıq gətirən infrastruktur layihələri, ordumuzun güclənməsi və sair möhtəşəm nailiyyətlərimiz seçkilərdə qələbəmizin obyektiv əsaslarıdır.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının çoxminli fəallarının, xüsusilə də gənc könüllülərin seçki təşviqatında fəal iştirakını, qələbəmiz naminə göstərdikləri fədakarlığı ayrıca qeyd etmək istəyirəm:

“Qarşıda isə bələdiyyələrə seçilənlərin xalqa ləyaqətlə xidmət etməsi kimi böyük məsuliyyət və vəzifə dayanır. Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvləri öz məsuliyyətini lazımınca dərk edəcək, insanlara layiqincə xidmət göstərəcək, xalqın onlara göstərdiyi etimada layiq olmağa çalışacaqlar. Bələdiyyələrə üzv seçilənləri təbrik edir, seçki kampaniyasında yaxından iştirak edən və əsl fədakarlıq göstərən partiya təmsilçilərinə təşəkkürümü bildirirəm”.

Azvision.az

Teqlər: YAP   Əli-Əhmədov