Azərbaycanda ilk dəfə tətbiq edilən Smart ASAN konsepti - FOTOLAR

Azərbaycanda ilk dəfə tətbiq edilən Smart ASAN konsepti -  FOTOLAR
  24 Dekabr 2019    Oxunub:6939
Bu gün fəaliyyətə başlayan Şamaxı “ASAN Həyat” kompleksi Smart ASAN konsepti əsasında inşa edilib.
Azvision.az xəbər verir ki, bu konseptin tərkib hissələri Smart Parkinq, Ağıllı tullantı yeşikləri, Ağıllı işıq dirəkləri, Ağıllı güzgü və LoRaWAN texnologiyasıdır.

Smart Parkinq - "Smart parkinq” sensorlar, ötürücülər və digər texnoloji infrastrukturla təchiz olunmuş xüsusi dayanacaq layihəsidir. Dayanacaqda olan sensorlar parkinq yerlərinin boş və ya dolu olması barədə məlumatları toplayır və mərkəzləşmiş sistemə ötürür. Bu da istifadəçilərə xüsisi mobil tətbiq üzərindən maşın saxlama üçün boş yerin olub-olmaması barədə məlumat almağa, əvvəlcədən yer bron etməyə imkan verir. “Smart parkinq” texnologiyası “Ağıllı şəhər” konsepti çərçivəsində tətbiq olunan texnoloji həllərdən biri hesab olunur. Bu proses istifadəçilərin rahatlığı ilə yanaşı, toplanmış data əsasında qurumlara dayanacaq sahələrini daha effektiv təşkil etməyə imkan verir.

Ağıllı tullantı yeşikləri - "Ağıllı tullantı yeşikləri” layihəsi tullantı yeşiklərinin dolması və aşması, həmçinin yanğın təhlükəsi halında sensorlar vasitəsilə nəzarəti təmin edən xüsusi sistemdir. Xüsusi sensorlar tullantı yeşiyinin dolma səviyyəsini real vaxt ərzində izləyir və bildiriş vasitəsi ilə mərkəzi məlumatlandırır. Eyni zamanda zibil yeşiklərində hər hansı bir yanğın hadisəsi barədə başlama anında məlumat ötürülür. Sistem tullantı yeşiklərinin yerləşdirilmə arealını daha dəqiq müəyyən etməyə, zibil yeşiklərinin boşaldılması üzrə xidməti marşrutları optimal təyin etməyə, həmçinin ətraf mühitin təmizliyini daha effektiv təmin etməyə imkan verir. “Ağıllı tullantı yeşikləri” sistemi də “Ağıllı şəhər” konsepti çərçivəsində tətbiq olunan texnoloji həllərdən biri hesab olunur.

Ağıllı işıq dirəkləri - Qaranlığın səviyyəsinə uyğun avtomatik olaraq işığın artıb-azalma dərəcəsini təmin edən işıq dirəkləri enerjiyə qənaəti və işıqlandırma sisteminə ümumi nəzarəti təmin edir.

Ağıllı güzgü sistemi - Üzərində hava proqnozu, müxtəlif tipli tanıtım və məlumatların əks olunduğu android platformalı güzgüdür. Güzgü istifadəçilərə internetə qoşulma, video kontentlərə baxmaq, televiziya kanallarını izləmək imkanı yaradır.

LoRaWAN texnologiyası - Kiçik həcmli məlumat mübadiləsinin naqilsiz şəbəkə vasitəsilə daha sürətli və effektiv təşkil edən xüsusi texnologiyadır. Bu texnologiya Əşyaların İnterneti (IoT) texnologiyasının inkişafını sürətləndirməklə startapçılara vahid şəbəkəyə qoşulmaq imkanı yaradır. LoRaWAN qurğusu 10 km radiusdan İoT həllərin vahid şəbəkəyə qoşulmasını təmin edir. Texnologiya ağıllı şəhər infrastrukturunun yaradılması, startap hərəkatının inkişafına kömək edir. Texnologiya 2015-ci ildə yaradılıb və hazırda dünyanın 58 ölkəsində bu texnologiyadan istifadə edilir.

















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: ASAN-Xidmət   Şamaxı   ASAN-Həyat  





Xəbər lenti