Polislərdən məcburi köçkünlərə bayram sovqatı

  24 Dekabr 2019    Oxunub : 2016
Polislərdən məcburi köçkünlərə bayram sovqatı
Hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində - dekabrın 24-də Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, nazir müavini qarşıdan gələn əlamətdar günlər münasibətilə respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq, bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

Ümummilli Liderimizin daxili və xarici siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirildiyini vurğulayan nazir müavini dövlətimizin başçısının qaçqınların və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşılmasının bütün icra qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb. O, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qaçqınlara və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu qəbildən olan vətəndaşlarımızın ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və nazirliyin rəhbərliyinə təşəkkür ediblər.

Qaçqınlar və məcburi köçkünlər adından çıxış edənlər bu tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayaraq, dövlətimizin başçısına təbriklərini ünvanlayıblar. Onlar Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Respublikanın daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 80 min manatlıq vəsait Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.

Azvision.az

Teqlər: DİN