Hərbi qulluqçulara yeni xidməti mənzillər verilib - FOTOLAR

  24 Dekabr 2019    Oxunub : 2744
 Hərbi qulluqçulara yeni xidməti mənzillər verilib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binasının açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, açılış mərasimində hərbi qulluqçular, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını təbrik edib. Müdafiə naziri görülən kompleks tədbirlərin dövlətimizin başçısının Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edib.



Nazir bildirib ki, yeni xidməti mənzillərin istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin mənzil təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə mütəmadi olaraq hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu qeyd edən nazir bu işlərin növbəti ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.



Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, binadakı 44 mənzil tam təmirlidir. Bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx mebeli və kondisionerlərlə təmin edilib. Ərazi hasara alınıb, asfaltlanıb, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.



Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.











Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Hərbçi   Mənzil