ABŞ-ın sanksiyaları, etirazlar və Qarabağ: Bu il nə ilə yadda qaldı? - İran səfirilə MÜSAHİBƏ

 ABŞ-ın sanksiyaları, etirazlar və Qarabağ: Bu il nə ilə yadda qaldı? -  İran səfirilə MÜSAHİBƏ
  25 Dekabr 2019    Oxunub:9237
“2019-cu il Azərbaycan-İran əlaqələri üçün uğurlu il olub. Ölkələrimizin həm müştərək tarixi əlaqələri, həm də mədəniyyət, din, dil, ədəbiyyat sahəsindəki oxşarlıqları bizim münasibətlərimizi daha da sıx edir”.
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə 2019-ci ilin yekunları ilə bağlı Azvision.az -a müsahibəsində deyib. Səfir bildirib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ötən müddət ərzində əlaqələrimizin daha da sıx olmasına çalışılıb.

- İstəyirik ki, münasibətlərimiz yalnız qonşuluq əlaqələri ilə məhdudlaşmasın, qardaşlıq olsun. Çünki bizim tarixi bağlarımız ölkələrimizi daha yaxın olmağa vadar edir. Dünyada az ölkə tapılar ki, belə münasibətlərə malik olsun. Hər iki ölkə çətin, eyni zamanda imkanların mövcud olduğu bir regionda yaşayır. İranda hamı, həm hökumət, həm xalq istəyir ki, Azərbaycan təhlükəsizlikdə olsun, sabitlik hökm sürsün. Bəzi ölkələr var ki, onlar təhlükə yaradırlar, təbii ki, biz bundan narahat oluruq. Azərbaycanın xoş günü bizi şad edir, hansısa narahatlığı bizi də narahat edir. İran hər zaman Azərbaycanın daha yaxşı olmasını istəyir.

Bəzi ölkələr maraqlıdırlar ki, dövlətlərimiz arasında ixtilaflar olsun, münasibətlərdə müəyyən boşluq yaransın. Amma onlar istədiklərinə nail olmayacaqlar.

Xüsusilə vurğulamaq istərdim ki, cənab Həsən Ruhani Prezident olduqdan sonra iki dövlət başçısının əlaqələri daha da yaxınlaşıb. Prezidentlər 6 il ərzində 12-13 dəfə görüşüblər. Bu, eyni zamanda dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin hansı səviyyədə olmasının göstəricisidir.

İqtidadi əlaqələrdə rekord göstərici

- Biz 2019-cu ildə iqtisadi əlaqələrimizdə rekorda imza atmışıq. Arzu edirik ki, 2020-ci il əlaqələrimizdə daha uğurlu, daha çox inkişafa nail olduğumuz bir il olsun. İki ölkə arasında müştərək inşa edilən yük avtomobili, avtobus zavodu və s. Bunlar göstərir ki, bizim əlaqələrimiz daha irəli gedə bilər.

11 ayda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 420 milyon dollara çatıb. Bu, ancaq gömrükdə qeydə alınan ticarətin həcmidir. Nəzərə alaq ki, “çemodan ticarəti”, enerji, elektrik və s. bura daxil deyil və 420 milyon dollar yalnız qeyri-neft bölməsini əhatə edir. Bütün sahələrdə ticarəti üst-üstə gəlsək, məncə, mövcud rəqəm iki, bəlkə də üç dəfə yüksələr.

Hazırda 1500-dən artıq İran şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ölkəyə 3,5 milyard dollardan artıq sərmayə qoymuşuq. Təbii ki, Azərbaycan təhlükəsiz, sabit ölkədir, ona görə İran bundan da artıq sərmayə yatıra bilər. Məsələn, İran ərəb ölkələrinə daha böyük, 10 milyardlarla sərmayə yatırıb. Biz Azərbaycana da sərmayələrin artırılması istiqamətində işləyirik. Eyni zamanda azərbaycanlıların da İrana investiya qoyluşunu artırmasını istəyirik.

Bu il İrana səfər edən azərbaycanlıların sayı da artıb. Xaricə səfər edən azərbaycanlıların 35 faizi İranın payına düşür. Belə ki, 10 ayın statistikasına görə, İrana 1 milyon 700-ə yaxın azərbaycanlı səfər edib. Bu, ilin sonuna iki milyon ola bilər. Əlbəttə ki, biz sərhəd qonşusuyuq və azərbaycanlıların İrana gedişi həm ucuz, həm rahat başa gəlir. İnsanlar alış-veriş edirlər.

Azərbaycan üçün əhəmiyyətli il

- Bu il Azərbaycan üçün də əhəmiyyətli il olub. Burada bir sıra mühüm tədbirlər keçirilib. Eyni zamanda Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Bakıda keçirilən sammitdə bir çox ölkənin liderləri, nazirləri iştirak ediblər. Azərbaycanın regionda əhəmiyyətinin artması əlbəttə ki, bizim üçün də önəm kəsb edir. Qoşulmama Hərəkatı hər nə qədər güclü olsa, bu, regionun xeyrinə olacaqdır.

Bundan əlavə, Azərbaycanda uğurla islahatlar aparılır. Təbii ki, ölkələrdə zamanla islahatlar davam etdirilir. Amma Azərbaycan çox az sayda ölkələrdəndir ki, son 15-16 ildir məhz apardığı islahatlar nəticəsində birmənalı şəkildə inkişaf edir. Həmçinin, Azərbaycan az ölkələrdəndir ki, belə surətli islahatlar aparılır və iqtisadi inkişafı güclənir. Azərbaycan Prezidenti iqtisadi sahədən əlavə, siyasi, mədəni, elm sahəsində də islahatlar aparır. Bütün bunlar isə nəticə etibarı ilə region ölkələrinə öz müsbət təsirini göstərməkdədir.

İran-Azərbaycan əlaqələri digər ölkələr üçün də nümunədir

- Hazırda İran-Azərbaycan əlaqələri elə səviyyədədir ki, bu, ayrı güclərə, ayrı dövlətlərə bağlı deyil. İki ölkənin siyasətçiləri öz əlaqələrini iki xalqın mənfətinə görə irəli aparırlar. Bu, digər ölkələrin zərərinə deyil və onlara qarşı yönəlməyib. İki ölkə fürsətlərdən istifadə etməlidir. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar vasitəsilə İran məhsulları Rusiya bazarına çatdırılır, bu, çox böyük bir fürsətdir. Biz Şimal-Cənub dəhlizini özümüz üçün çox böyük bir imkan hesab edirik. Bu, tək iki ölkənin deyil, Hindistan, Çin, Avropa ölkələrinin də xeyrinədir. Bizim enerji, sənaye, kənd təsərrüfatı, səhiyyə, elm, startup-lar sahəsində müqavilələrimiz var idi, onların çoxunu yerinə yetirmişik.

Hesab edirəm ki, məlum səbəblərdən İranda bir sıra çətinliklərin olmasına, ABŞ-ın İrana qarşı sanksiyaları nəticəsində uşaqların, xəstələrin çətin vəziyyətə düşməsinə baxmayaraq, İran bunun öhdəsindən gələ biləcək və sanksiyaların insanlara təsirini azaltmaq üçün tədbirlər görməyə nail olacaq.

Gələn ilin əsas hədəfləri

- 2020-ci ildə sərhəddə ticarətin asanlaşdırılması, ticarətin həcminin artırılması əsas hədəflərdən bir olacaq. Biz bu istiqamətdə işləyirik. Eyni zamanda investisiya qoyuluşunu artırmaq, sənaye sahəsində inkişaf, üçüncü bazar tapmaq əsas hədəflər sırasındadır. Üçüncü bazar dedikdə, hesab edirik ki, İran məhsulları Azərbaycanın, Azərbaycan məhsulları isə İranın vasitəsilə başqa ölkələrin bazarlarına ixrac edilə bilər. Burada həm Avropa, həm də Rusiya bazarları nəzərdə tutulur. Bu istiqamətdə bəzi işlərə başlanıb, amma onların gücləndirlməsi və başa çatdırılması vacibdir.

Bundan əlavə, sərhəd bölgəsində müştərək Sənaye Parkının qurulması nəzərdə tutulub. Tikiləcək müştərək Sənaye Parkında ancaq İran və Azərbaycan şirkətləri yer alacaq. Çünki iki ölkənin ortaq layihəsi olacaq. Çalışırıq ki, 2020-ci ilin yanvarın əvvəllərində həmin Sənaye Parkının təməli qoyulsun.

ABŞ-ın İrana qarşı sanksiyaları və bunun Azərbaycanla münasibətlərə təsiri

- Azərbaycanın rəsmi siyasəti bundan ibarətdir ki, öz qonşuları ilə münasibətlərini davam etdirəcək. Təbii ki, biz də Azərbaycanın İrana görə ziyan görməsini istəmirik. Həm də Azərbaycan Avropada yerləşmir, bizi birbaşa sərhəd ayırır. Müqavilərimiz hamısı rəsmi və qanuni şəkildədir, onlar yerinə yetirilir. İran-Azərbaycan münasibətləri heç bir ölkəyə qarşı deyil, əksinə bütün qonşulara sülh və əmin-amanlıq gətirir.

İranda benzinin bahalaşmasına qarşı etirazlar və nəticəsi

- İran böyük dövlətdir və insanların fikir bildirmə azadlığına həmişə hörmət göstərilib. Benzinin qiyməti üç dəfə qaldırıldı, 38 qəpik oldu, vətəndaşlar da bəzi şəhərlərdə buna öz etirazlarını bildirdilər. Amma kimlərsə ara qarışdırmaq, ölkə daxilində qarışıqlıq yaratmaq istədi, bu da alınmadı.

Prezidentlərin üçtərəfli görüşü

- Bilirsiniz ki, İran, Azərbaycan və Rusiya prezidentlərinin görüşü təxirə salındı. Hesab edirəm ki, həmin görüş 2020-ci ildə mütləq keçiriləcək. Eləcə də, İran, Azərbaycan və Türkiyə Xarici işlər nazirlərinin görüşünün keçirilməsi planda nəzərdə tutulub.

Rəsmi Tehranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi

- Bu, elə münaqişədir ki, sülh yolu ilə həll olunması uzun illər tələb edir. Xüsusilə, münaqişənin sülh yolu ilə həll olunması üçün lazım olan şərtlərdən biri də zamandır. İran dövləti olaraq biz bu mövqedəyik ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü pozulmadan, danışıqlar yolu ilə həllini tapmalıdır. 2019-cu ildə nəticəyə gəlinmədisə, 2020-ci ildə də eyni vəziyyətin olacağını demək olmaz. Vacib olanı hər iki tərəfdə iradənin olmasıdır ki, müştərək nöqtəyə yaxınlaşılsın. Bizim Xarici İşlər Nazirliyi bəyan edib ki, münaqişənin nizamlanmasında əlimizdən gələni etməyə hazırıq. İranın əhəmiyyəti digər ölkələrdən daha artlqdır. Çünki iki ölkə ilə qonşudur. Həmçinin, Naxçıvanla çox ciddi əlaqələrimiz var. Azərbaycan bizə yalnız qonşu yox, yaxın qohum, qardaş, əziz dostdur. Çox maraqlıyıq ki, bu münaqişə həll olunsun.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfir   Müsahibə  





Xəbər lenti