Azərbaycanda qarlı günlərin sayı azalıb

  25 Dekabr 2019    Oxunub : 1384
 Azərbaycanda qarlı günlərin sayı azalıb
Azərbaycanda ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədən qarlı günlərin sayının azalması müşahidə edilir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə üzrə 1992-2019-cu illərə olan gündəlik məlumatlar təhlil edilib. Climpact modelinə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib.

U.Tağıyeva əlavə edib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb: "Ötən dövr ərzində ölkə ərazisində yağıntıların da miqdarı azalıb. Son 30 ildə yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub. Amma ölkənin sahilyanı ərazilərində yağıntıların miqdarında cüzi artım baş verib".

ETSN rəsmisi qeyd edib ki, şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran qar ehtiyatının azalması deməkdir: "Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb. Azərbaycanda əhali qışın mülayim keçməsinə öyrəşib. Bakıda sıfır dərəcədən aşağı temperaturun qeydə alındığı günlərin sayı azdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Hava   Soyuq   Qar   Qış