“Mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram” - İlham Əliyev

   “Mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram” -    İlham Əliyev
  25 Dekabr 2019    Oxunub:4483
“Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza tövsiyə edirəm ki, onlar da maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsin. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə deyib. Prezident bildirib ki, son vaxtlar Bakı şəhərində ictimai istirahət zonaları yaradılıb.

“Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanıb. İndi “Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.

Ona görə görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti