Prezident: “Azərbaycanı idman ölkəsi kimi tanıyırlar”

  25 Dekabr 2019    Oxunub : 1843
 Prezident: “Azərbaycanı idman ölkəsi kimi tanıyırlar”
“Aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır. Bizim idman sahəsində ən böyük nailiyyətimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil. Çünki ondan bir il əvvəl - 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerə qalxmışdır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə deyib. Prezident bildirib ki, idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır:

“Konseptual şəkildə ardıcıl işlər görülür, veteran idmançılara diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən mükafatlandırılırlar. İdman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılıb. Onların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb. Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıb. İki Olimpiya İdman Mərkəzi açılışa hazırdır - YardımlıTərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir - GoranboyNeftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev